Azərbaycan dili üzrə anonim imtahanlar keçiriləcək

 13:05 05.03.2024     672

Müxtəlif sosial kateqoriyalardan olan insanların Azərbaycan dili biliklərinin səviyyəsini öyrənmək üçün pilot imtahanlar təşkil olunacaq.

Redaktor.az xəbər verir ki, bunu “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və imtahan modelinin təqdimatı zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu imtahan onlayn platforma üzərindən müəyyən müddət ödənişsiz keçiriləcək.

“Bu imtahanlar anonim olacaq, lakin imtahan verənlərin hansı peşə sahibi, hansı sosial kateqoriyadan olduqları yalnız bizə məlum olacaq. Bizə hər sosial təbəqədən ən azı 500 nəfərin imtahanda iştirak etməsi lazımdır. Bilmək istəyirik ki, müəllim, satıcı, sürücü, həkim və s. Azərbaycan dilini hansı səviyyədə bilir, digər peşə sahibləri bu imtahanı necə verirlər. Bununla bizdə etalon formalaşacaq. Eyni zamanda bu imtahanlarda yaş kateqoriyaları üzrə də statistika aparılacaq. Məsələn, yeniyetmələr və yaşlı insanlar bu imtahanda necə nəticə toplayacaq, bu bizə maraqlıdır", - deyə DİM sədri vurğulayıb.

M.Abbaszadə əlavə edib ki, bu araşdırmalar bir neçə qurum tərəfindən aparılacaq.