Bakı məktəblərində nəzarətin gücləndirilməsi üçün elektron sistem YARADILIR

 14:43 05.03.2024     1113

Bakı şəhərinin təhsil müəssisələrində tədris və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması planlaşdırılır.

Redaktor.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova deyib.

O bildirib ki, sözügedən sistem təhsil müəssisələrində nəzarəti gücləndirməyə, tədris prosesi ilə bağlı məlumatların operativ və effektiv şəkildə izlənilməsi və təhlil edilməsinə, həmçinin akademik bacarıqların, eləcə də şagird davamiyyətinin qeydə alınması və monitorinqini həyata keçirməyə imkan verəcək.

N.Hüseynovanın sözlərinə görə, bundan başqa, valideynlərin məktəbləri qiymətləndirməsi üçün rəqəmsal sistem yaradılacaq.

"Valideynlər üçün övladlarının təhsil, davranış keyfiyyətlərini izləmə və müəssisələrdə tədris proseslərini dəyərləndirmə imkanı verən elektron sistemin qurulması əsas hədəflərimizdəndir" - deyən idarə müdiri qeyd edib ki, bu, vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.