Dilçi alimdən DİM sədrinə REAKSİYA: "Yəqin Məleykə xanım özü də imtahan verəcək"

 14:37 06.03.2024     3631

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, Azərbaycan dili üzrə anonim imtahanlar keçiriləcək.

"Müxtəlif sosial kateqoriyalardan olan insanların Azərbaycan dili biliklərinin səviyyəsini öyrənmək üçün pilot imtahanlar təşkil olunacaq. Bu imtahan onlayn platforma üzərindən müəyyən müddət ödənişsiz keçiriləcək. Bu imtahanlar anonim olacaq, lakin imtahan verənlərin hansı peşə sahibi, hansı sosial kateqoriyadan olduqları yalnız bizə məlum olacaq.Eyni zamanda bu imtahanlarda yaş kateqoriyaları üzrə də statistika aparılacaq. Məsələn, yeniyetmələr və yaşlı insanlar bu imtahanda necə nəticə toplayacaq, bu bizə maraqlıdır", - deyə DİM sədri vurğulayıb.

Maraqlıdır, bu anonim imtahanların hansı əhəmiyyəti olacaq?

Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov Redaktor.az-a danışıb.

Professor söylədi ki, ana dilini əməldə sevmək lazımdır, açıqlamalarda yox:

"Yəqin Məleykə xanım özü də imtahan verəcək. Sübut olunacaq ki, belə bir işin təşəbbüsçüsü Azərbaycan dilini "çox gözəl" bilir. Yəqin ki, ilk növbədə DİM sədri imtahan verməlidir. Bunu bir az belə populist adlandırardım, populist çıxışdır. Bundansa, test imtahanlarını verən uşaqlar universitetə qəbul olunurlar və o tələbələrin səviyyəsi çox aşağıdır, DİM sədri bu məsələləri qaldırsa, təbii ki, bunu başa düşmək olar. Amma bu məsələni anlamadım, bu, dil sevgisi deyil. Ana dilini əməldə sevmək lazımdır, açıqlamalarda yox. Filologiya fakültəsinə qəbul olan tələbələrin səviyyəsi niyə aşağıdır? Niyə onlar, bu dərəcədə savadsız olurlar? DİM sədri məncə bu məsələlərlə daha yaxşı maraqlanır. Ehtimal etmirəm ki, bu kimi addımlar ana dilinin statusunu yüksəltmək məqsədi güdür. Əhəmiyyəti görünən iş deyil. Azərbaycan dilinin həqiqətən də yeni normalarına riayət olunması Elmlər Akademiyasında, universitetlərdə öz həllini tapmalıdır. Konkret iş görmək lazımdır. Qərar qəbul etməyə nə var ki? Burada öz nüfuzunu yox, dilin nüfuzunu qaldırmaq lazımdır. Onun üçün də çalışmaq, həqiqi mənada işləmək lazımdır. Həqiqi iş getmir və dillə bağlı qərar qəbul edənlər bu dili bilmir. Yaxud da akademikdir, yazdığı kitablara gedin, baxın, dildən kitab yazıblar, burada nə qədər biabırçılıq, rüsvayçılıqlar var. Özüm Dilçilik İnstitutunda işləyirəm, bunun şahidiyəm. Bu rüsvayçılığın qarşısını almaq üçün DİM sədri bir təşəbbüs göstərsə, mən o təşəbbüsün önündə gedirəm, sinəmi qabağa verərəm. Amma belə təşəbbüslər olumur".

Humay İSGƏNDƏRLİ