"Dövlət sektorunda çalışan hər kəs bu imtahanı verməlidir" - Deputatdan DİM-ə REAKSİYA

 16:53 06.03.2024     818

Bildiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili üzrə anonim imtahanların keçiriləcəyini söyləyib.

O qeyd edib ki, bu imtahan onlayn platforma üzərindən müəyyən müddət ödənişsiz keçiriləcək:

"Bu imtahanlar anonim olacaq, lakin imtahan verənlərin hansı peşə sahibi, hansı sosial kateqoriyadan olduqları yalnız bizə məlum olacaq.Eyni zamanda bu imtahanlarda yaş kateqoriyaları üzrə də statistika aparılacaq. Məsələn, yeniyetmələr və yaşlı insanlar bu imtahanda necə nəticə toplayacaq, bu bizə maraqlıdır".

Mövzu ilə baağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov söylədi ki, Dövlət İmtahan Mərkəzinin anonim imtahanı keçirməsində hansısa səbəbləri ola bilər.

"Amma mən hesab edirəm ki, dövlət qulluğunda işləyən, dövlət qulluğuna imtahan verən, dövlət sektorunda çalışan hər bir kəs bu imtahanı verməlidir. Onun Azərbaycan dili bilikləri ən yüksək səviyyədə olmalıdır. Təkcə Azərbaycan dili yox, onun vətənpərvərliyi, onun dövlətçiliyi, yəni bütün bu məsələlər paralel aparılmalıdır. Əgər bir insan öz dilini yaxşı bilmirsə, hesab edirəm ki, o, həqiqi dövlət məmuru, dövlət işçisi ola bilməz. Bu anlamda bu çox önəmlidir ki, bu imtahan aparılsın. Çünki bu problem hələ də davam edir. Dövlət qulluğunda, ayrı sahədə işləyən şəxs, müxtəlif yazışmalar aparır. Bu yazışmaları normal formada aparmaq üçün onun mütləq dil biliklərinin yüksək olması çox önəmlidir və bu məsələyə xüsusi həssaslıqla yanaşmalıyıq", - deyə millət vəkili vurğuladı.

Humay İSGƏNDƏRLİ