Bu müəllimlərin iş yeri ilə bağlı problemi ola bilər - AÇIQLAMA

 15:05 07.03.2024     1184

Xəbər verdiyimiz kimi, ötən gün Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib ki, gələn tədris ilində bəzi məktəblər birləşdiriləcək, bəziləri isə ləğv ediləcək.

"Bu ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub. Təhsilanların sayı az olan məktəblərin şagirdləri yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınacaq. Bunun üçün avtobusların ayrılması da nəzərdə tutulub", - deyə E.Bağırov bildirib.

Bəs, məktəblərin birləşdirilməsinin hansı müsbət və ya mənfi tərəfləri var?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov söylədi ki, hazırda Azərbaycanda 4432 orta ümumtəhsil məktəbi var və bu məktəblərdə 1.6 milyon şagird təhsil alır:

"Azərbaycan Respublikasının Konstitusiyasına və "Təhsil haqqında" qanuna görə, Azərbaycanda təhsil, ümumi orta təhsil icbaridir, yəni məcburidir. Bu o deməkdir ki, məktəbə getmək yaşı çatan hər bir şagird mütləq şəkildə məktəblə əhatə olunmalıdır. Hər il təkcə təhsilin saxlanılması üçün dövlət büdcəsindən 4,4 milyard manat vəsait ayrılır və görürük ki, son illər ərzində bəzi məktəblər var ki, orada şagird sayı hədsiz dərəcədə azdır. Amma bu o demək deyil ki, şagird sayı az olan məktəblər birləşməlidir. Qeyd edim ki, beynəlxalq təcrübəyə əsasən, şagirdlərin bir məktəbdən digərinə ən azı təhlükəsiz keçə biləcəyi yol 20 dəqiqəni aşmamalıdır. Qubada, Lerikdə, Yardımlıda, Astarada, Lənkəranda, Gədəbəydə, həmçinin Zaqatalada elə məktəblər var ki, orada şagird sayı azdır, amma yaxın məsafədə məktəblər yoxdur. Bu məktəblər birləşməyəcək. O məktəblərin ki, alternativi yaxın ərazilərdə var, onlar ləğv olunacaq və yaxud birləşdiriləcək. Digər tərəfdən, alternativ addım məktəblilərin təhlükəsiz, vaxtında rahat çatdırılması üçün avtobus xidmətlərinin təşkil edilməsidir. Müqayisə aparsaq, Qubada bir neçə məktəb var ki, onun saxlanması üçün dövlət büdcəsindən 100 minlərlə manat vəsait sərf olunur. Amma orda iki-üç şagird var, bunun əvəzində 20-30 minə bir avtobus alsaq və bir də sürücü təşkil etsək, bu, daha ucuz başa gələcək. O ərazilərdə ki, dağ çayları var və körpü yoxdur, birbaşa kommunikasiya zəifdir, o məktəblərdə hər hansı bir birləşmə, bağlanma olmayacaq. Hazırkı məsələnin mahiyyəti odur ki, biz xərcləri azaldıb, keyfiyyəti artıraq. Şərti olaraq bir-iki uşaq oxuyur və biz ora 100 min manat vəsait ayırırıq, amma şagird sayı 100 olan məktəbə də eyni vəsait ayırırıq. Bu, dünyada qəbul edilmiş bir layihədir". 

Ekspert məktəblərin ləğvinin və ya birləşdirilməsinin mənfi tərəfinə də toxundu. Onun sözlərinə görə, bu, bir az müəllimlərin dərs saatına təsir göstərə biləcək.

"Müəllimlərin iş yeri ilə bağlı problemi ola bilər. Həmçinin şagirdlərin də yerdəyişməsinə görə müəyyən problemlər ola ilər. Bu yay Qubada tədqiqat apardıq və gördük ki, orada kənd məktəblərində, daxili ərazilərdəki məktəblərdə şagird saylarında azalmalar var, amma böyük vəsait sərf olunur. Sadəcə həmin ərazinin mədəni mühitinə təsir göstərəcək, müəyyən qədər təhsilin əlçatanlığına təsir göstərəcək. Əgər ki, avtobuslar təşkil olunmasa, hesab edirəm ki, müəyyən qədər həmin şəxslərin təhsil almaq hüququ məhdudlaşa bilər", - deyə K.Əsədov qeyd etdi.

Humay İSGƏNDƏRLİ