“AzMİU-nun Qərb təhsil sisteminə inteqrasiyası Türkiyə universitetləri ilə əməkdaşlıqdan keçir” - Professor Gülçöhrə Məmmədova

 13:44 07.03.2024     273

Türkiyənin nüfuzlu ali təhsil müəsissələri: İstanbul Texniki Universitetinin (İTU) rektoru professor İsmail Koyuncu, Hacettəpə Universitetinin rektoru professor Mehmet Cahit Güran və Orta Doğu Texnik Universitetinin (ODTU) rektoru professor Mustafa Verşan Kök Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qonaqlarla görüşdə Türkiyə universitetləri ilə AzMİU arasında mövcud olan səmərəli əməkdaşlığa diqqət çəkib və bu əməkdaşlığın əhəmiyyətinə toxunub: “Azərbaycan və Türkiyə prezidentlərinin siyasi iradəsi, ölkələrimiz arasındakı qardaşlıq, dostluq və müttəfiqlik əlaqələri universitetlərimiz üçün yeni imkanlar yaradıb. Hesab edirəm ki, yeni yaradılan Türkiyə-Azərbaycan Universiteti bu imkanları daha da genişləndirəcək. AzMİU olaraq bizim üçün Türkiyə universitetləri ilə əməkdaşlıq çox vacibdir. Çünki bizim Qərb təhsil sisteminə inteqrasiyamız Türkiyə universitetləri ilə əməkdaşlıqdan keçir. Yeri gəlmişkən qeyd edim ki, AzMİU-nun Qərb ali təhsil sisteminə inteqrasiyası, bu yolla regional və qlobal arenada rəqabətdavamlı universitetə çevrilməsi strateji hədəflərimizdəndir. Buna görə də Türkiyə universitetləri ilə əlaqələri daha da dərinləşdirmək niyyətindəyik”.

İTU rektoru professor İsmail Koyuncu AzMİU ilə İTU arasında İnşaat mühəndisliyi ixtisası üzrə ikili diplom müqaviləsinə diqqət çəkərək əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, bu müqavilə əlaqələrin digər ixtisaslar və istiqamətlər üzrə də qurulması, eləcə də dərinləşdirilməsi üçün əlverişli zəmin formalaşdırıb.   

Hacettəpə Universitetinin rektoru Professor Mehmet Cahit Güran AzMİU ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün hər iki ali təhsil müəssisəsi rəhbərinin iradəsinin mövcudluğuna diqqət çəkib və bunun əməkdaşlıq üçün mühüm amil olduğunu qeyd edib. Rektor bildirib ki, hazırda Hacettəpə Universiteti və AzMİU arasında “İqtisadiyyat” ixtisası üzrə magistratura səviyyəsində ikili diplom müqaviləsinin hazırlanması prosesi gedir və bu müqavilə imzalanarsa, Hacettəpə Universiteti tarixində bir ilk olacaq.

ODTU-nun rektoru professor Mustafa Verşan Kök görüşdən məmnunluğunu ifadə edib və Türkiyəyə döndükdən sonra rəhbərlik etdiyi universitetin Memarlıq fakültəsi ilə AzMİU-nun Memarlıq fakültəsi arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəyini bildirib.

Gülçöhrə Məmmədova ODTU ilə AzMİU arasında 2006-cı ildən başladılan əməkdaşlıqdan danışıb, qarşılıqlı səfərlərdən, əvvəlki rektorlarla görüşlərindən bəhs edib, hətta AzMİU-nun Memarlıq fakültəsinin tədris binasının ODTU-nun Memarlıq fakültəsinin binasının layihəsi əsasında qurulduğunu qonaqların diqqətinə çatdırıb.

Görüşdə AzMİU və İTU-nun ortaq təşkilatçılığı ilə keçiriləcək “İnternational conference on modern problems of mathematics, mechanics and their applications”  konfransı ilə bağlı görüləcək işlər, AzMİU gənc alim və doktorantlarının İTU-da və Hacettəpə Universitetində staj keçməsi, elmi laboratoriya və məcmuələrdən qarşılıqlı istifadə, TUBİTAK, Horizon, ERASMUS və digər beynəlxalq qrant layihələrinə uyğun elm sahələri üzrə birgə iştirak, doktorantlarla birgə elmi rəhbərlik və s. bu kimi məsələlər haqqında fikir mübadiləsi aparılıb. Həmçinin ODTU ilə AzMİU-nun Memarlıq fakültələri arasında əməkdaşlığın qurulması, parelel olaraq işğaldan azad olunmuş Azərbaycan ərazilərinin memarlığı ilə bağlı birgə tədqiqatların aparılması, ortaq layihələrin hazırlanması ilə əlaqədar ilkin razılıq əldə olunub. 

Qərara alınıb ki, görüşdə müzakirə olunan məsələlər üzrə əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün işçi qrupu yaradılsın, qarşılıqlı səfərlər həyata keçirilsin.

Qeyd edək ki, 2018-ci ildə AzMİU və İTU rektorlarının İstanbulda keçirilən görüşündə İnşaat mühəndisliyi ixtisası üzrə ikili diplom protokolu imzalanıb və protokola əsasən, hər il AzMİU-nun 5 tələbəsi İTU-ya, İTU-nun 5 tələbəsi isə AzMİU-ya göndərilir. Tələbələr iki tədris ilini AzMİU-da, digər iki tədris ilini isə İTU-da oxuyur, tədris kreditlərini bitirdikdən sonra onlara hər iki universitetin diplomu təqdim olunur.

Tərəflər, eyni zamanda əlaqələrin şaxələndirilməsi, gələcək əməkdaşlıq istiqamətlərinə dair təkliflər səsləndiriblər. İnşaat mühəndisliyi ixtisası üzrə iki universitet arasında səmərəli əməkdaşlığa diqqət çəkilərək, memarlıq ixtisası üzrə magistratura səviyyəsində ikili diplom müqaviləsinin imzalanması və bu müqavilənin həyata keçirilməsi istiqamətində detallı müzakirə aparılıb.

Görüşdə, o cümlədən Erasmus proqramında İTU, Hacettəpə Universiteti, ODTU və AzMİU müəllimlərinin aktiv iştirakına şərait yaratmaq, birgə layihələrin hazırlanması, eləcə də magistratura səviyyəsində aktual ixtisaslar üzrə ikili diplom proqramlarının tətbiqi ilə bağlı da ilkin razılıq əldə olunub.