"Müəllimlik bank işindən də yaxşıdır" - Deputatdan TÖVSİYƏ

 19:22 07.03.2024     973

"İllərdir təhsildə kişi müəllimlərin az olması təbii xarakter almağa başlayıb".

Bunu Redaktor.az-a ümumtəhsil məktəblərində kişi müəllimlərin az olması ilə bağlı danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev söyləyib.

O qeyd edib ki, daha çox qızlar müəllim olmaq istəyirlər:

"Vaxtilə Nazirlər Kabinetinin regionlara müəllim işləməyə üz tutanlarla bağlı stimullaşdırıcı tədbirlər planı var idi. Torpaq sahələrinin verilməsi, əmək haqqı ilə bağlı əlavələr var idi. Bir müddətdən sonra yenə də əvvəlki vəziyyətə qayıdış baş verdi, yəni müəllimliyə üz tutan kişilərin sayı yenə də əvvəlki vəziyyətə qayıtdı. Məktəbəqədər təhsil müəssisəsində təhsil və tərbiyə verən 100 faiz qadındır, elmə gələnlərin də demək olar ki, əksəriyyəti qadınlardır. Proses bu cür də davam eləyir. Elm və təhsil elə məsələlərdir ki, burada kimisə təşviqlə məcburən bu ixtisası seçdirmək mümkün deyil. Bu gün artıq kişilər də bilirlər ki, müəllimlik çox yaxşı peşədir, istər əməkhaqqı məsələsində, istərsə də tətil günlərilə bağlı. Çox yaxşı bilirlər ki, bu bank işindən də yaxşıdır, başqa işlərdən də yaxşıdır. Ancaq buna baxmayaraq yenə də müəllimliyi seçmirlər. Ona görə də müxtəlif şəxslər, müxtəlif qurumlar müəllimlik peşəsini təşviq edirlər, ancaq hələlik indiyə qədər nəticə yoxdur və qadınların hesabına bu faiz artmaqdadır. Əgər belə davam edəcəksə, davam edirsə, onda qadın müəllimlərin üzərinə yaxşı tədris etmək məsuliyyəti düşür. Bu barədə işlər aparmaq lazımdır ki, bu peşəni qadınlar seçirlərsə, onlar yaxşı təhsil alsınlar, istər tədris prosesində, istər uşaqların tərbiyəsində, uşaqlara verdikləri dərsin keyfiyyətində müəyyən məsuliyyətlərini artırsınlar".

Humay İSGƏNDƏRLİ