"Orta məktəblərdə mühafizə xidməti təşkil edilməlidir" - AÇIQLAMA

 16:21 12.03.2024     555

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Azərbaycanda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində qətllərin həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.

Qeyd edək ki, teleqramda yayılan bu xəbər valideynlərdə narahatlıq doğurub və bu gün Bakıda bir sıra məktəblərdə şagirdlərin davamiyyətinə təsir edib.

Maraqlıdır, məktəblərdə təhlükəsizlik məsələləri necə təmin olunmalıdır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhlükəsizlik eksperti Orxan Musayev bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində, xüsusilə də orta məktəblərdə beynəlxalq təcrübəyə əsaslandırılmış təhlükəsizliyin təmin olunması üçün tədbirlər görülməlidir.

Onun sözlərinə görə, xaricdə məktəblərdə təhlükəsizliyin səviyyəsini ölçmək məqsədilə Beynəlxalq Məktəb Təhlükəsizliyi Mərkəzi təsis edilib və bu mərkəz könüllülük əsasında fəaliyyət göstərir:

"Bu mərkəzə istənilən məktəb müraciət edib öz təhlükəsizlik dərəcəsini ölçə bilər. Məktəblərdə təhlükəsizlik anlayışı geniş bir anlayışdır. Burada məktəblilərə qarşı şiddətin, zorakılığın, narkotik maddələrin məktəbdə istifadəsi və yaxud bu maddələrdən asılı vəziyyətdə olmaq, cinsi istismar, zorlama və yaxud təbii fəlakət hadisələri, zəlzələlər, sel və yanğın hadisələri də daxildir. Bütün bu hadisələrdən minimum zərərlə qurtulmaq üçün öncədən təhlükəsizlik üzrə planlar hazırlanmalıdır. Məsələn, yanğın və digər fövqəladə hadisələr zamanı şagirdlərin, pedaqoji heyətin məktəblərdən təhlükəsiz və sağlam şəraitdə təxliyyə olunması üçün təxliyyə planları hazırlanmalı və hər kəsin görə biləcəyi yerlərdə asılmalıdır. Məktəblərdə mühafizə xidmətlərinin daha müasir tələblərə və standartlara uyğun təşkil olunması həyata keçirilməlidir. Necə ki, ali təhsil müəssisələrimizdə, yəni universitetlərimizdə hazırda xüsusi mühafizə xidmətləri təşkil olunub və içəriyə doğru daxil olan tələbələrin ümumi yoxlanışını həyata keçirirlər, eynilə bu tendensiya məktəblərdə də davam etdirilməli və məktəblərdə mühafizə xidmətinin daha da gücləndirilmiş şəkildə təşkil olunması təmin edilməlidir".

Ekspertin fikrincə, məktəblərdə təhlükəsizlik kameralarının saz vəziyyətdə saxlanılması üçün müəyyən lisenziyalaşmış təşkilatlarla müqavilələr bağlanmalı və mütəmadi olaraq dövri təhlükəsizlik kameraları yoxlanışdan keçirilməlidir:

"Yoxlanışdan keçirilməlidir ki, hər hansısa bir neqativ hadisə baş verərsə, təhlükəsizlik kameralarında öz əksini tapsın. Əlavə olaraq təhlükəsizlik kameralarının mövcudluğu və saz vəziyyətdə olması pis niyyətli insanları öz əməllərini törətməkdən çəkindirə bilər. İnsanlar təhlükəsizlik kamerasının orada olduğunu görüb müəyyən neqativ hərəkətləri etməkdən çəkinə bilərlər. Ona görə təhlükəsizlik kameralarının xüsusilə məktəblərdə mövcudluğu da çox böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə təhsil müəssisələrində “Məktəblinin dostu” layihəsi mövcuddur və bu layihə çərçivəsində mütəmadi olaraq şagirdlərlə maarifləndirmə işləri aparılır və fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı məlumatlandırma həyata keçirilir. Düşünürəm ki, məktəblərlə bağlı təbliğat və maarifləndirici xarakter daşıyan işlərin həcmi daha da genişləndirilməli və bu tədbirlər mütəmadi olaraq həyata keçirilməlidir".

Həmidə İBRAHİMLİ