Buraxılış imtahanında 46741 şagird iştirak edəcək
Dövlət İmtahan Mərkəzi 17 mart 2024-cü il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
Qurumdan Redaktor.az-a verilən xəbərə görə, imtahanda 46741 şagirdin iştirakı nəzərdə tutulur.
Qeyd edilib ki, Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə - 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran - 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından martın 5-dən etibarən çap edib götürə bilirlər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 190 imtahan binası, 3468 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 543 imtahan rəhbəri və ümumi rəhbər, 4310 nəzarətçi, 631 buraxılış rejimi əməkdaşı (mühafizə) və 190 bina nümayəndəsi ayrılıb.
İmtahanda 46741 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 40 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.