Beynəlxalq müsabiqədə qalib gələn AzMİU tələbələrinə diplomlar verildi - FOTO

 17:32 18.03.2024     1018

Memarlıq Təhsilinə Yardım üzrə Regionlararası İctimai Təşkilatının (MOOCAO) Memarlıq və dizayn üzrə buraxılış işlərinin XXXII baxış-müsabiqəsinin qaliblərinə fəxri diplomların təqdimetmə mərasimi keçirilib.

Memarlıq faklütəsinin dekanı professor Zahidə Məmmədova giriş nitqi ilə tədbiri açaraq müsabiqə barədə məlumat verib.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək qalib tələbələri təbrik edib və memarlıq, dizayn sahəsinin önəminə diqqət çəkib. Ölkəmizdə, xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı və sürətli tikinti-quruculuq işlərinə görə memar və dizaynerlərə ehtiyacın daha da çoxaldığını deyən rektor tələbələri daha əzmkar və çalışqan olmağa səsləyib.

Daha sonra Azərbaycan Memarlar İttifaqının sədri, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə çıxış edərək qalib gələn tələbələri təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb.

Moskva şəhərində keçirilən müsabiqədə ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq fakültəsinin bakalavriat və magistratura səviyyəsi üzrə təhsil alan tələbələri təmsil edib.

Tələbələrin buraxılış işləri yüksək qiymətləndirilib, onlar MOOCAO-nun I (8 iş), II (12 iş) və III (3 iş) dərəcəli diplomlarına layiq görülüblər.

Qeyd edək ki, qalib tələbələrdən Almaz Həsənovanın işi İCOMOS Rusiyanın, Cabbarov Cavidin işi MASA-nın, Gülnaz Şirinovanın işi İCOMOS Rusiyanın, Ayan Mamedovanın işi Rusiya Bərpaçılar İttifaqının, Səlimət Qarayevanın işi Rusiya Bərpaçılar Assosiasiyasının əlavə diplomlarına layiq görülüb.

Fakültənin Dizayn kafedrasının müəllimləri dosent Nərgiz Ağayeva təqdim etdiyi dərs vəsaitinə görə də – I dərəcəli diploma, Tərlan Əliyev (elmi rəhbər) “laureat” diplomuna layiq görülüblər.

Daha sonra I dərəcəli diplom sahiblərinə Memarlar İttifaqının diplom və hədiyyələri təqdim olunub.    

Sonda tələbələrin yazın, Novruzun gəlişini təsvir edən rəsm və dizayn işlərindən ibarət sərgisinə baxış keçirilib.

222222222