"Bu il ali məktəblərə daha aşağı ballarla qəbul mümkün olacaq" - AÇIQLAMA

 15:22 19.03.2024     2072

Xəbər verdiyimiz kimi, ali məktəblərə və kolleclərə ərizə qəbulu başa çatıb, 115 245 abituriyent ərizəsini təsdiqləyib. 2022-ci ildə bu say 99 538, 2023-cü ildə isə 107 188 olub.

Say 2022-ci ilə nisbətən 16 minə yaxın, 2023-cü ilə nisbətən isə 8 mindən çox artıb.

Bəs, bu artım ali məktəblərə və kolleclərə qəbul prosesinə necə təsir edəcək?

Mözu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov söylədi ki, bu, demoqrafik vəziyyətlə bağlıdır:

"Bu il orta təhsil məktəblərindən məzun olanların sayı 115 min nəfərdən çoxdur. Ali təhsil müəssisələrinin qəbulu üçün bu il 60 mindən çox plan yeri veriləcək, keçən il bu rəqəm 55 800-ə çatdırılmışdı. Ölkə prezidenti tərəfindən təsdiq edilmiş Sosial İqtisadi İnkişaf Planında ümumilikdə 2026-cı ilə qədər ali təhsil müəssisələrinə plan yerinin 75 minə çatdırılması proqnozlaşdırılır. Nəzərə alsaq ki, bu il Naxçıvan Universiteti fəaliyyətini dayandırıldı və qəbul aparmayacaq, əvəzində Qarabağ Universiteti var, Türkiyə-Azərbaycan Universiteti var, yəni bu il qəbul proqnozu artır. Bəziləri deyir 40 minə yaxın adam kəsiləcək, heç də təşvişə düşməyə ehtiyac yoxdur. Hər ilin statistik nəticələrini deyim ki, ali məktəblərə sənəd verənlərin 50 faizi müsabiqə şərtini ödəmir. Bu il yenə də boş plan yeri qalacaq. Sənəd verənlərin sayının çox olmasına baxmayaraq, onların yalnız 50 faizə qədəri müsabiqə şərtini ödəyəcək. Abituriyentlərə geridə qalan müddət ərzində hazırlaşmağı tövsiyə edirəm ki, yəni bu il ali məktəblərə daha aşağı ballarla belə qəbul olmaq mümkün olacaq. Təhlükəli bir şey yoxdur, narahat olmalı bir hal yoxdur. Keçən ilki bal ətrafında keçid balları formalaşacaq, müsabiqə şərti onsuz da bəllidir. Ciddi bir narahatlığa əsas yoxdur ki, böyük insan kəsiləcək. Bu ilki sayın əvvəlki illərlə müqayisədə artması, qəbul plan yerlərinin heç də 100 faiz dolması demək deyil. Yenə də 5000-ə yaxın plan yeri boş qalacaq".

Humay İSGƏNDƏRLİ