Tələbələrin hansı hallarda ali təhsil müəssisəsindən xaric ediləcəyi məlum oldu

 19:14 24.03.2024     685

Azərbaycanda tələbələrin hansı hallarda ali təhsil müəssisəsindən xaric ediləcəyi açıqlanıb.

Bu barədə Redaktor.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, bu öz arzusu ilə və ya ali təhsil müəssisəsini dəyişdikdə baş verə bilər.

Digər hallara gəldikdə ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda, səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda.

Bundan başqa əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının təhsil müəssisəsinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə və tələbə yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə) ali təhsil müəssisəsindən xaric ediləcək .

Eyni zamanda ali təhsil müəssisəsindən xaric edilmiş şəxsə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır.

Belə ki, xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin həmin müəssisədən xaric olunması həmin müəssisənin nizamnaməsində nəzərdə tutulan əsaslarla həyata keçirilir.