BDU-nun 32 alimi “Azərbaycanın top 100 alimi” siyahısına daxildir

 13:19 27.03.2024     900

Tanınmış “AD Scientific Index” təşkilatı dünya alimlərinin, ölkələrinin və elmi müəssisələrinin reytinqini açıqlayıb. Bakı Dövlət Universitetinin (BDU) 32 alimi “Azərbaycanın top 100 alimi” siyahısına daxildir.

BDU-dan Redaktor.az-a bildirilib ki, universitet, elmi-tədqiqat institutları və elmi jurnalların sıralanmasını tərtib edən beynəlxalq sistemlərdən fərqli olaraq, “AD Scientific Index” tədqiqatçıların elmi fəaliyyəti, elmi məhsuldarlığı və aldıqları nəticələrin elmi dəyəri əsasında dünya alimlərinin və universitetlərinin reytinq sıralamasını müəyyən edən təhlil sistemidir.

“AD Scientific Index” dünya alimlərinin reytinq sıralamasının tərtibində 9 parametrdən istifadə edir və 11 mövzu (kənd təsərrüfatı və meşəçilik, incəsənət, dizayn və memarlıq, biznes və idarəetmə, iqtisadiyyat və ekonometrika, təhsil, mühəndislik və texnologiya, tarix, fəlsəfə, ilahiyyat, hüquq, tibb və səhiyyə, təbiət elmləri, sosial elmlər və s.), 256 sahə, 22350 universitet (elmi-tədqiqat institutu), 218 ölkə və 10 region (Afrika, Asiya, Avropa, Şimali Amerika, Okeaniya, Ərəb Liqası, o cümlədən EECA (Şərqi Avropa və Mərkəzi Asiya), BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri), Latın Amerikası və COMESA (Şərqi və Cənubi Afrika) üzrə alimlərin reytinqini müəyyənləşdirir.

Reytınq təşkilatı H-indeks və 10 indeks balları, həmçinin elmi nəticələrə istinadlar əsasında tədqiqatçının, elmi müəssisənin və ölkənin konkret elm sahəsi üzrə ümumi və altıillik akademik elmi fəaliyyətini dəyərləndirməyə, səhv və qeyri-etik profillər, plagiat, saxtalaşdırma, təhrif, təkrarlama və s. üzrə effektiv akademik təhlil aparmağa imkan yaradır. Sistem elmi müəssisələrin reytinqini müəyyən etməklə bərabər, bu məlumatları ictimaiyyətə təqdim edir, etik pozuntuların aradan qaldırılmasına, fərdi və korporativ səviyyədə idarəetmənin, şəffaflığın və hesabatlılığın təkmilləşdirilməsinə şərait yaradır.

Təşkilat ölkələrin reytinq sıralamasını tərtib etmək üçün müəyyən meyarlardan istifadə edir: əsas meyar – dünya alimlərinin ilk 3 faiz (top 3 faiz) siyahısında yer alan ölkə alimlərinin sayı, ikinci meyar – top 10 faiz, 20 faiz, 40 faiz, 60 faiz və 80 faiz siyahılarında yer alan ölkə alimlərinin sayı, üçüncü meyar - “AD Scientific Index”in siyahısında olan alimlərin sayı.

2024-cü il üzrə təqdim edilmiş məlumatlara əsasən, “AD Scientific Index”in qeyd olunan meyarlar əsasında hazırlanmış dünya reytinqində (World Ranking) ölkəmiz 96-cı, region reytinqində (Region Ranking) isə 32-ci sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın dünya və region üzrə reytinq sıralamasındakı yeri ölkəmizin 50 universitet, elmi-tədqiqat və digər müəssisələrindən “AD Scientific Index”in Azərbaycan üzrə top 1000 alimi siyahısına daxil olan 945 tədqiqatçısının elmi fəaliyyəti əsasında müəyyən olunub.

“AD Scientific Index”in “World Top 100 Scientists in Azerbaijan” siyahısına daxil olan 100 ölkə alimindən 32-si (siyahının ilk beşliyində 3 alim), “Azerbaijan Top 10 Productivity i10 Index” siyahısında 10 alimdən 5-i, “Azerbaijan Top 10 Last 5 Years i10 Index” siyahısında 6-sı, “Azerbaijan Top 10 Last 5 Years H Index” siyahısında 5-i, “Azerbaijan Top 10 Total Citiation Index” siyahısında 6-sı, “Azerbaijan Top 10 Last 5 Years Citiation Index” siyahısında 5-i BDU-nun əməkdaşlarıdır.

Qeyd edildiyi kimi, “AD Scientific Index” universitet, elmi-tədqiqat institutu və digər müəssisələrin dünya və ölkə reytinq siyahısını ümumi H indeksi, son 6 il H indeksi, ümumi və son 6 il i10 indeksi, ümumi istinadların sayı və son 6 il ərzində istinadların sayı əsasında müəyyənləşdirir.

Universitetdə elmi, innovativ ekosistemin formalaşdırılması və inkişaf etdirilməsi, elm-təhsil-sənaye inteqrasiyasının dərinləşdirilməsinin əsas məqsəd kimi götürülməsi, dünyanın müxtəlif elmi qurumları ilə əməkdaşlığın genişləndirilməsi, birgə elmi tədqiqatların aparılması, problem mövzular üzrə birgə layihələrin işlənilməsi “Tədqiqat universiteti” statusu əldə etmək mərhələsində olan BDU-nun bütün bu göstəricilərlə reytinqlərdə liderliyini qorumağa imkan verib.