Onlar ali məktəblərə imtahansız qəbul oluna biləcəklər

 15:56 01.04.2024     1319

Bəzi şəxslər imtahansız - müsahibə yolu ilə və ya müsabiqədənkənar universitetlərə qəbul oluna bilər.

Redaktor.az xəbər verir ki, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən sözügedən şəxslər respublika fənn olimpiadalarının qalibləri, ikinci ali təhsil almaq istəyənlər, 2012-ci ildən kollec bitirənlərdir.

Belə ki, respublika fənn olimpiadalarının qalibləri müsabiqədənkənar fənlər üzrə ali təhsil müəssisələrinə ödənişsiz qəbul oluna bilirlər.

Eyni zamanda, bir diplomu olub, ikinci ali təhsil almaq istəyənlər üçün də bəzi universitetlər imtahansız - müsahibə yolu ilə qəbul keçirir.

Həmçinin 2012-ci ildən kollec bitirənlər (subbakalavr) imtahansız universitetə qəbul olunmaq şansına malikdir. 2012-ci ildən əvvəl kollec bitirən məzunlar buraxılış imtahanında iştirak edərək universitetə qəbul oluna bilərlər.Müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənədinə (attestata) üstünlük verilir.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edə bilərlər.