300 bal toplayan şagird bu universitetdə oxumaq İSTƏYİR

 20:40 02.04.2024     1300

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

İmtahan iştirakçıları arasında 300 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentlərdən biri də Bakı şəhəri 118 nömrəli tam orta məktəbin şagirdi Fatimə Məmmədlidir.

Redaktor.az xəbər verir ki, təəssüratlarını AZƏRTAC-la bölüşən Fatimə Məmmədli 3-cü ixtisas qrupuna hazırlaşır: “9-cu sinfin ikinci yarımilliyindən 3 fənn üzrə buraxılış imtahanına hazırlaşmağa başladım. Daha sonra blok fənlərinə hazırlaşdım. Buraxılış imtahanı kitabçaları özümüzdə olduğu üçün yüksək nəticə topladığımı təxminən bilirdim, amma 300 bal olacağını bilmirdim. Çünki bəzi açıq sualların cavablarını kitabçama köçürməmişdim, birbaşa cavab kartıma yazmışdım. İbtidai sinifdən məktəbdə fəal şagird olduğum üçün müəllimlərim yüksək nəticə göstərəcəyimə inanırdı. İnandıqları kimi də oldu. Sadəcə 300 bal şans məsələsidir. Açıq suallarda bir sözlə belə 300 balı qaçırmaq olar. Ona görə də 300 bal toplayacağıma tam inanmırdım”.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almaq istəyən Fatimə Məmmədli hüquqşünaslıq ixtisasına hazırlaşır. O, həm də bir sıra olimpiadalar və müsabiqələrin qalibidir: “Lütfi Zadə adına məntiq olimpiadasında diplomla təltif olunmuşam. “Yaradıcı müəllim: inkişaf edək, etdirək” layihəsində birinci yerə layiq görülmüşəm. 9-cu sinifdə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsində Bakı şəhəri üzrə birinci yeri çıxmışam”.

Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş keçirilən buraxılış imtahanında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.