"Keçid ballarında artım gözlənilir" - Təhsil ekspertindən abituriyentlərə MÜRACİƏT

 13:26 03.04.2024     2345

Xəbər verdiyimiz kimi, bu il 14 abituriyent buraxılış imtahanlarında maksimum nəticə göstərib. Bu kurikulum dövründə rekord nəticədir. Kurikulum dövrü ərzində bu ilədək bu qədər yüksək nəticə toplayan abituriyent olmayıb.

Marqlıdır, bu qədər yüksək nəticənin səbəbi nədir? Suallar asan olub, yoxsa bu ilki şagirlər daha savadlıdır? Nə üçün kurikulum dövründə indiyədək bu qədər yüksək nəticə olmamışdı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi söylədi ki, bu imtahanda yüksək nəticə göstərən abituriyentlərin sayı çoxdur:

"Xüsusilə də 14 nəfər buraxılış imtahanında əldə oluna biləcək maksimal nəticəni, yəni 300 balı toplaya bilib və onların 13 nəfəri qız abituriyentdir. Bu çox gözəl haldır, təqdirəlayiqdir. Bir nəfər isə oğlan abituriyentdir. Nə üçün yüksək bal toplayan abituriyentlər çoxdur və bunun səbəbləri nədir? Mən bura qədər dəfələrlə açıqlamamda onu bildirmişdim ki, cari ilin abituriyentləri şanslıdırlar. O baxımdan ki, əvvəlki dövrün abituriyentlərilə müqayisə etsək, 2019-cu ildən kurikulum formatında imtahanlar keçirilməyə başlanıldı, sonra 2020-ci il pandemiya ilə müvafiq qapaldılmalar oldu. Amma bu ilin abituriyentləri, 2022 və 2023-cü illərdə normal hazırlıq keçə biliblər. Bu ili də nəzərə alsaq, iki il yarım ərzində bu abituriyentlər hər hansı bir qapaldılma olmadan, narahatlıq yaşamadan hazırlıq keçə biliblər. Bu ilin abituriyentləri, o cümlədən keçən dövr ərzində imtahana adaptasiya ola biliblər, imtahan suallarına uyğunlaşa biliblər. Bunun da məntiqi nəticəsi olaraq bu ilin abituriyentlərindən gözləntilər var idi. Təbii ki, 10 mart tarixində keçirilmiş imtahanda da yenə də yüksək nəticə əldə edən abituriyentlər olacaq. Ümumi gözləntimiz bu il üçün ali təhsil müəssisələrinə qəbulda maksimal nəticə əldə edən, yəni 700 bal yığan abituriyentlərin olması proqnozudur. Bu, uğurlu nəticədir. Könül istərdi ki, hər kəs yüksək nəticə əldə etsin. Amma 5-10 nəfər yüksək nəticə əldə edibsə, qalanları daha aşağı nəticə əldə edibsə, bu təhsilin uğuru və ya göstəricisi demək deyil".

Ekspertin fikrincə, bu ilki ildə yüksək bal toplayanlar yalnız 14 nəfər deyil, daha çoxdur:

"Yəni müvafiq bal arealına baxsaq, məsələn, 200-300 bal aralığında daha çox bal toplayan abituriyentlər var. Ötən illərlə müqayisədə bu il abituriyentlər daha uğurludur. Bu da onu deməyə əsas verir ki, ali təhsil müəssisələrinin 5-ci ixtisas qrupunda, eyni zamanda 11 illik bazadan buraxılış imtahanları ilə kollecə gedən abituriyentlər diqqətli olmalıdır. Çünki məhz bu iki istiqamətdə ixtisaslar üzrə formalaşacaq keçid ballarında müəyyən artım gözlənilir. Qaldı ki, 10 mart tarixli və qarşıda olan blok imtahanlarında da əgər bu formada uğurlu nəticələr olacaqsa, belə olan halda bu ilki ildə müəyyən istiqamətlər üzrə ixtisaslar formalaşacaq, keçid ballarında isə ötən illə müqayisədə artım gözlənilir".

Humay İSGƏNDƏRLİ