Maksimum bal toplayan Pakizə uğurunun sirrini AÇDI: "Uşaqlıqdan çox əziyyət çəkmişəm"

 13:41 03.04.2024     2303

Xəbər verdiyimiz kimi, bu il 3 mart tarixində keçirilmiş buraxılış imtahanlarında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 13-ü qızdır, 1-i isə oğlan.

Maksimum nəticə göstərənlərdən biri - Gəncə şəhər məktəblisi Pakizə Hüseynova təəssüratllarını Redaktor.az-la bölüşüb.

Pakizə deyir ki, hədəfi maksimum nəticə toplamaq olub:

"Maksimum nəticə əldə edəcəyimi düşünürdüm, çünki uşaqlıqdan çox əziyyət çəkmişəm, çalışmışam. Uşaqlıq xəyalım hər zaman, maksimum nəticə əldə etmək idi. 9-cu sinifdə də buraxılış imtahanından 297 bal toplamışam. Nəitəcəmə görə çox sevindim. İmtahandan sonra çox həyəcanlı idim, cavabların çıxmağını səbirsizliklə gözləyirdim. Nə qədər səbirsiz olsam da, bu nəticə məni çox rahatlaşdırdı. 4-cü qrup üzrə hazırlaşıram, ixtisas olaraq həkim olmağı arzulayıram. Blok imtahanından da bu cür nəticə əldə etmək istyəirəm. Təbii ki, bu o qədər də asan olmayacaq. Amma 700 bal xəyalımdır. 9-cu sinfdən hazırlıqlara gedirəm, ondan əvvəl getməmişəm. Uşaqlıqdan dərslərimi yaxşı oxuduğum üçün imtahana hazırlaşma prosesi mənim üçün asan keçdi. Amma 10-cu sinifdə çox əziyyət çəkdim və 11-ci sinfdə daha rahat oldum".

Makisumum nəticə göstərən qızımız deyir ki, uğurunun sirri çox çalışmaqdır:

"Eyni zamanda təməlimin də möhkəm olması uğurumun sirridir. Anam və atam müəllimdir. Qardaşım isə hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1-ci kursunda təhsil alır. Həmyaşıdlarıma tövsiyə edirəm ki, çox çalışsınlar, çox zəhmət çəksinlər. Çünki zəhmətsiz belə bir nəticəni əldə etmək çətin olar".

Humay İSGƏNDƏRLİ