Özəl məktəblərin şagirdləri niyə 300 bal toplaya bilmir? - Deputat: "Araşdırma getməlidir"

 17:35 03.04.2024     1275

Xəbər verdiyimiz kimi, bu il 3 mart tarixində keçirilmiş orta məktəblərin 11-ci sinif buraxılış imtahanlarında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Maksimum nəticə əldə edən şagirdlərin hər biri dövlət məktəblərində təhsil alır. Maraqlıdır ki, yüksək məbləğdə təhsil haqqı alan özəl məktəblərin şagirdləri yenə də maksimum bal toplaya bilməyiblər.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov dedi ki, bu çox önəmli bir siqnaldır.

"Düşünürəm ki, səbəblərdən biri də bu özəl məktəblərin bir qisminin fərqli proqramlarda dərs keçməsidir. Eyni zamanda da onların Azərbaycan məktəbləri ilə deyil, birbaşa xarici məktəblərlə işləməsidir. Yəni yerli universitetlərə deyil, daha çox xarici universitetlərə tələbələrin qəbul olunmasıdır. Məsələnin başqa tərəfi isə ondan ibarətdir ki, bu gün Azərbaycanda özəl məktəblərin qiyməti ilə keyfiyyəti uyğun gəlmir. Yəni bu gün özəl məktəblərdə təhsil haqqı çox yüksəkdir və hamı da bundan narazıdır. Ancaq həmin məbləğin müqabilində də dərs verilmir. Bu, bütün məktəblərə aid deyil. Bu məsələnin ən əsas səbəblərindən biri dövlət məktəblərinə olan inamsızlıqdır. Özəl məktəblərdə təhsil almaq, artıq bir dəbə çevrilib. Hamı çalışır ki, övladı özəl məktəbdə təhsil alsın. Əslində isə bu gün dövlət məktəbləri var ki, onların təhsilləri heç də özəl məktəbdən geridə deyil. Ümumiyyətlə, bu nəticələr elan olunandan sonra nəticələr əsasında bir araşdırma getməlidir. Yəni bir proses təhlil olunmalıdır ki, bunun səbəbi nədir və bu nə üçün lazımdır? Yəni təhsilimizdəki proseslərin təhlil olunması üçün bu da önəmli bir məsələdir. Əslində bu cür yüksək nəticələr bir sıra hallarda özəl məktəblərdə olurdu. İndi isə bir az fərqli model yaranıb. Düşünürəm ki, mütləq səbəblər ciddi bir formada araşdırılmalı və öyrənilməlidir", - deyə millət vəkili bildirdi.

Humay İSGƏNDƏRLİ