"Elm və Təhsil Nazirliyi bütün müzakirələrdən qaçır" - Deputat həlli vacib problemdən DANIŞDI
Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin plenar icalasında çıxış edən deputat Fazil Mustafa deyib ki, yeni yaradılan Qarabağ Universiteti əgər ənənəvi universitet formasında yaradılacaqsa, çox inkişaf etməyəcəyik.
Xankəndidə fəaliyyət göstərəcək universitetdə bir müddət əvvəl elan olunan ixtisaslar isə elə bütün ali məktəblərdə olan ixtisaslardır. Universitetin inkişafı isə yeni ixtisasdan başlayır.
Maraqlıdır, biz niyə yeni ixtisaslardan qaçırıq? Yeni yaradılmış bir universitetdə fərqli ixtisasların olmaması, yaradılmaması nədən qaynaqlanır? Biz nə vaxt bu istiqamətdə inkişaf edəcəyik?
Məsələ ilə bağlı bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev dedi ki, həmkarının fikirlərilə tam razıdır:
"İndiki dövr dördüncü sənaye inqilabı dövrüdür, onun texnologiyaları var və biz o ixtisaslardan geridə qala bilmərik. Yəni bu, dövrün tələbidir. Qarabağ Universitetində bütün universitetlərdə mövcud olan ixtisasların eynilərinin siyahısını mən gördüm. Buna da ehtiyac yoxdur. Qarabağ Universitetində də texniki ixtisasların sayı artırılmalıdır. Yaxşı müəllim hazırlığı üçün bir sıra işlər görülməlidir. Düşünürəm ki, yeni yaradılacaq Qarabağ Universiteti ilə Türkiyə-Azərbaycan Universitetinin geniş əlaqələri qurulmalıdır. Hər ikisinin kampusunda laboratoriyalar yerləşəcək startaplar, kiçik silikon vadilərin əlaqələri olmalıdır. Yalnız bundan sonra bu universitetlərin digər universitetlərlə rəqabət mühitinin formalaşmasına nail ola bilərik. Ancaq bütün hallarda bizə bu gün texniki və texnoloji istiqamətdə mütəxəssislərə, İKT sahəsində mütəxəssislərə çox böyük ehtiyac var. Düşünürəm ki, bu universitetlər də məhz yaradılanda bu tələblərin ödənilməsini bir vəzifə kimi qarşılarına qoyacaqlar".
Yeni ixtisasların Qarabağ Universitetində olan ixtisaslar arasında olmamasının səbəbinə gəlincə deputat bildirib ki, burada heç bir tələskənliyə yol vermək olmaz.
"Düşünmək lazımdır ki, bizə indiki dövr üçün hansı ixtisaslar lazımdır, bunlar müzakirə olunmalıdır. Mən düşünürəm ki, bu müzakirə olunmadı və birbaşa qərar verdilər ki, bu ixtisaslar olacaq. Bu gün regionşünaslıq ixtisası üzrə mütəxəssislər işsizdirlər, politologiya üzrə mütəxəssislər işsizdirlər, beynəlxalq münasibətlər üzrə mütəxəssislər işsizdirlər. Hüquq ixtisası üzrə Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası kifayət qədər ingilis dilində və Azərbaycan dilində mütəxəssis hazırlayır. Buna görə də yeni ixtisasların atlası yaradılmalıdır. Atlas yaradılmayıb. Çox təəssüflər olsun ki, Elm və Təhsil Nazirliyi bütün müzakirələrdən qaçır. Ona görə də biz bu yeni ixtisasların atlasının yaradılması üçün müzakirələr aparmalıyıq", - deyə Etibar Əliyev vurğuladı.
Humay İSGƏNDƏRLİ