"Yeni ixtisaslar istəyirik, amma onları tədris edəcək kadr potensialı nə qədərdir?" - Təhsil eksperti

 17:11 06.04.2024     539

"Qarabağ Universitetində tədris olunacaq ixtisasların çoxu digər universitetlərdə keçirilən ənənəvi ixtisaslardır. Amma bu o demək deyil ki, Qarabağ Universiteti də mütləq həmin universitetlərin bir başqa variantı olacaqdır".

Bunu Redaktor.az-a ötən gün Milli Məclisdə çıxış edən deputat Fazil Mustafanın Qarabağ Universitetinin inkişaf etdirilməsi ilə bağlı çıxışına münasibət bildirən təhsil eksperti Elmin Nuri deyib.

Ekspert vurğulayıb ki, yalnız ixtisasla iş bitmir:

"İxtisasa münasibət, onun çağdaş dünyanın ali təhsil maraqlarına uyğun dəyərləndirilməsi, daha sonra hansı istiqamətdə yanaşılması, tədqiqat yönümlü diqqətin artırılması, onları tam fərqli edə bilər. İxtisas eyni ola bilər. Amma bu, məsələyə birtərəfli baxışdır. İxtisasın eyni olması, universitetin təhsil mühitinin eyni olması demək deyil. Məsələn, ona qalsa, ADA-da elə ixtisas var ki, bu, digər universitetdə də var. Amma təbii ki, onun ADA-dakı alternativi daha yaxşı təhsil verir. Məsələ həmin ixtisasa, onun tədrisinə yanaşmadadır. Yəni Qarabağ Universiteti ilə bağlı görüləcək işlər çoxdur. Qarabağ Universiteti tədqiqat yönümlü təhsil verə biləcək, sırf klassik universitet tədrisinə yox, müasir dünyanın tələb etdiyi tədqiqat yönümlü təhsilə, elm və biznesin tələb etdiyi tədris formasına xüsusi önəm verəcəkdir. Bununla dünya universitetlərinin reytinq cədvəlindəki yerinə də müəyyən təsir göstərə bilər". 

E.Nuri inanmır ki, Qarabağ Universitetindəki təhsil bizim digər universitetlərlə eyniləşsin.

"Könül istərdi ki, digər universitetlərimiz də elə indi sahib olduğu klassik universitet tədris modelindən uzaqlaşsınlar, ixtisasların tədrisinə müasir yanaşmalar gətirsinlər, onun əmək bazarında ekvivalent uyğunluğuna müəyyən yanaşmalar gətirsinlər. Praktiki, praqmatik baxışlar artsın. Biz gələcəkdə Qarabağ Universiteti və yaxud da yeni yaranan hər hansı bir universitet indiki universitetlərimizə bərabər olacaq deyəndə, bu, aşağılayıcı fikir kimi görünməsin. Bu, əslində çox ağır bir problemdir. Bu, əslində bizim digər universitetlərimizə baxışın yaxşı olmadığının göstəricisidir. Bununla bağlı düşünməliyik. Qarabağ Universiteti deyək ki, tədqiqat yönümlü təhsilə önəm verdi, həqiqətən də ona olan gözləntiləri müəyyən qədər doğrultmuş oldu, inanın ki, bununla iş bitmir. Bu gün bizim universitetlərimiz özü Qarabağ Universiteti modelinə gəlməlidir. Yəni biz bir nümunə ilə məhdudlaşmamalıyıq, ona qalsa, az da olsa yaxşı universitet nümunələrimiz var. Amma ümumi ali təhsil mühitimizi güclü, normal hesab edə bilərikmi? Yox. Çünki məhdudlaşma, qane olma olmamalıdır. Bu istiqamətdə Türkiyə-Azərbaycan Universitetini misal göstərə bilərik ki, nə yaxşı ki, orada tam fərqli modern ixtisaslara şərait yaradıldı. Bu da məsələyə digər tərəfdən yanaşmağı tələb edir. Yeni ixtisaslar deyirik. Yaxşı, bizdə yeni ixtisasları tədris edəcək kadr potensialı nə qədərdir? Həmin ixtisasların əksəriyyətinin ədəbiyyatı 99 faiz ingilis dilindədir. Bizdə ingilis dilini akademik səviyyədə bilən müəllimlər nə qədərdir? Ümumiyyətlə, yeni ixtisaslara yiyələnən yeni kadrların keyfiyyət göstəricisi nə qədərdir? Bunlar hamısı böyük-böyük suallar doğurur", - deyə ekspert qeyd etdi.

Humay İSGƏNDƏRLİ