Agentlik Ukraynada təhsil almaq istəyənlərə müraciət ETDI
Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi Ukraynada təhsil almaq istəyən şəxslərə müraciət edib.
Redaktor.az xəbər verir ki, bu barədə Agentliyin Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün keçirilən təlimdə danışıb.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayan zaman orada təhsil alan tələbələrə müəyyən güzəşt edildi: "Lakin Ukraynada təhsil almaq istəyən şəxslərə gedib orada oxumağı tövsiyə etmirik. Müraciətlər daxil olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin diplomları tanınacaq, ya yox?! Bu barədə yaxın günlərdə vətəndaşlara ətraflı məlumat veriləcək. Hansı tarixdən Ukrayna diplomlarının tanınması məsələsinə baxılmayacağı ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq. Hazırda statistik məlumatlar toplanır".
A.Kərimli qeyd edib ki, bəzi tələbələr hazırkı müharibə şəraitində universitetə daxil olurlar, sonra yenidən Azərbaycana transfer olmaq istəyirlər: "Bu, birmənalı şəkildə tövsiyə edilmir".
TKTA İdarə Heyətinin sədri Tural Əhmədov da bildirib ki, vətəndaşlara Ukrayna universitetlərinə getməyi tövsiyə etmirlər. "Onlar ora qəbul olduqdan sonra müharibəni səbəb kimi gətirərək ölkədaxili universitetlərə transfer edilmələrini tələb edirlər. Həmin tələbələrə güzəştlər tətbiq olunmayacaq.
Təkcə Ukrayna deyil, bu qaydalar qonşu Türkiyəyə də aiddir. Bu axının qarşısının alınması, əmək bazarına səriştəli kadrların daxil olması üçün bunu etməliyik. Bəzi təhsil şirkətləri insanları yanlış yönləndirərək asan diplom verən universitetlərə, aktiv müharibə şəraiti olan ölkələrin təhsil müəssisələrinə yönləndirirlər", - deyə Tural Əhmədov qeyd edib.