Təhsil eksperti xarici ölkə vətəndaşlarını Azərbaycan universitetlərində təhsil almağa dəvət edir

 17:31 15.04.2024     361

Ali təhsil arzusunda olan xarici ölkə vətəndaşları, əcnəbi tələbər, hər birinizi Azərbaycan universitetlərində bakalavr və magistr təhsili təhsil almağa dəvət edirəm. Məlumdur ki, xarici ölkədə ali təhsil almaq istəyən hər bir şəxs getmək istədiyi ölkənin ali təhsil ocaqları haqqında məlumat əldə etmək marağında olur. Dövlətin təhsilə olan münasibəti, universitetlərin ümumi vəziyyəti, gələcək karyera, təhsilin inkişaf mərhələsi, reytinq səviyyəsi kimi nüanslar şəxsin qərar verməsi üçün vacib amillərdən sayılır. Bunları nəzərə alaqraq sizlərə düzgün seçim etmək üçün Azərbaycan universitetləri və dövlətin təhsilə olan münasibəti barədə tanış etmək istəyirəm.

Azərbaycan Universitetlərinin inkişafı və reytinq səviyyəsi:

Azərbaycanın universitetləri tədris etdiyi ixtisaslar üzrə region ölkələri içərisində ən prestijli, müasir təhsil sisteminin bilik və bacarıqlarını özündə əks etdirən təhsil ocaqlarından sayılır. Son illərdə dünya universitetlərinin reytinq siyahısında Azərbaycan universitetlərinin adlarını görmək qürurvericidir. Belə ki, dünyanın ən yaxşı 1000 universitetləri siyahısına Azərbaycan universitetinin də adının düşməsi ali təhsil ocaqlarının inkişafı istiqamətində atılan addımların bariz nümunəsidir. 2024-cü ildə dünyanın ən aparıcı tədqiqat və reytinq siyahısını təqdim edən “Quacquarelli Symonds” (QS) təşkilatı fənn proqramları üzrə ən yaxşı universitetlərin reytinq siyahısına Azərbaycan Dillər Universiteti (301-340-cı yer) ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (351-400-cü yer) adlarını qeyd edib. Bu gün Azərbaycanda müxtəlif ixtisaslar üzrə ixtisaslaşmış ali təhsil ocaqları var. İqtisadiyyat və biznes sahəsi üzrə Azərbaycan Dövlət İqtisad Univesitetini, neft və qaz mühəndisliyi üzrə Bakı Ali Neft Məktəbini, mühəndislik ixtisasları üzrə Bakı Mühəndislik Universitetini, Pedoqoji ixtisaslar üzrə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetini, xarici dil bilikləri üzrə Azərbaycan Dillər Universitetini, dövlət idarəçiliyi üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, Beynəlxalq ticarət və logistika üzrə Dövlət Gömrük Komitəsinin Akademiyasını, Aviasiya sahəsi üzrə Milli Aviasiya Akademiyasını, beynəlxalq standartlara uyğun ingilis dilində tədris verən Azərbaycan Diplomatiya Akademiyasını (ADA), Xəzər Universitetini, o cümlədən tədrisi ingilis dilində aparılan digər universitetləri xüsusi ilə qeyd etmək lazımdır. Bəs Azərbaycan dövlətinin təhsilə olan münasibəti necədir?

Dövlətin təhsilə olan münasibəti:

Bu gün xarici tələbələrin Azərbaycan universitetlərində təhsil alması üçün hər bir şərait həm dövlət, həm də universitetlər tərəfindən təmin edilmişdir. Azərbaycan universitetlərinin çoxunda tədris prosesinin beynəlxalq təhsil sisteminə uyğunluğu əcnəbi tələbələr üçün çətinlik törətmir. Təhsil ilə yanaşı sosial yaşam da ölkədə yüksək səviyyədədir. Qış və yay istirahət mərkəzləri, dənizkənarı park, qədim tarixi abidələr, olimpiya kompleksləri, idman zalları, müasir ticarət mərkəzləri və Bakı şəhərinin füsunkar gözəlliyi əcnəbi tələbələrin diqqət mərkəzində olmuşdur.

Azərbaycanda ilbəil ali təhsil müəssisələrinin artması, yeni ali təhsil müəssisələrinin açılması əcnəbi tələbələr üçün böyük imkanlar ortaya qoyur. Azərbaycanın gözəl guşələrindən biri olan Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlaması, eləcə də, Türkiyə-Azərbaycan Universitetinin təsis edilməsi dövlət tərəfindən ali təhsil sahəsində atılan uğurun və inkişafın nəticəsidir. İşğaldan azad olunan Azərbaycan torpaqlarının qısa bir zamanda bərpası və inkişafı, eləcə də oralarda ümumtəhsil və ali təhsil müəsisələrinin açılması Azərbaycan iqtisadiyyatının gücünü göstərir.

Bu gün Azərbaycan universitetlərində xarici (əcnəbi) tələbələrin təhsil alması üçün bir çox səbəblər var: Beynəlxalq ali təhsil proqramlarının Azərbaycan universitetlərində tətbiqi, inkişaf etmiş ölkələrin universitetləri ilə əməkdaşlıq, xarici ölkə universitetlərinin Azərbaycanda filiallarının açılması və dünyanın inkişaf etmiş ölkələrinin Azərbaycan universitetləri ilə birgə tədrisin aparılması, ikili diplom proqramları, erasmus, hökümətlərarası təqaüd proqramları və s kimi layihələr Azərbaycandakı ali təhsilin beynəlxalq təhsilə olan marağın təzahürüdür. Hazırda Azərbaycan universitetlərində əyani və qiyabi təhsil forması üzrə bakalavr və magistr dərəcəsində minlərlə xarici ölkə vətəndaşları təhsil almaqdadır. Azərbaycan dövləti xarici tələbələrin təhsil, yaşam, ünsiyyət və təhlükəsizliyinə xüsusi diqqət ayırır. Hazırda Azərbaycan ölkəsi təhlükəsizlik və yaşam baxımından tələbələr üçün çox əlverişli bir seçimdir. Azərbaycanın bütün ərazisində müxtəlif xalqların nümayəndələrinin və xarici vətəndaşların hüquqları Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində tam qorunmaqdadır. Ali təhsil müəssisələrinə tələbə qəbulunda hər il dövlət sifarişli yerlərin artması, Azərbaycan vətəndaşlarının dövlət proqramı çərçivəsində xarici universitetlərdə təqaüdlə təhsil alması, hökumətlərarası təqaüd proqramları, təhsil müəssisələrinin inkişafı üçün dövlət vəsaitinin ayrılması, xüsusi imtiyaza malik tələbələrin ödənişsiz təhsil alması, ölkə qəbul imtahanlarında prezident təqaüdünün verilməsi, tədris ilində yüksək nailiyyətlər əldə edən tələbələrə aylıq təqaüdün verilməsi dövlətin təhsilin inkişafına olan diqqət və qayğısını göstərməkdədir.

Xarici ölkə universitetlərinin filialları və birgə əməkdaşlıq:

Azərbaycan universitetləri bir neçə dünya universitetləri ilə sıx əməkdaşlıq çərçivəsində qarşılıqlı təhsil proqramları həyata keçirir. Bununla yanaşı, xarici universitetlərinin azırbaycanda filialları da mövcüddur. Bunlardan nümunə olaraq Fransanın UFAZ universiteti, Rusiyanın İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universiteti və Lomonosov universitetinin Bakı filialı, ADA Universitetinin nəznində fəaliyyət göstərən İtaliya-Azerbaycan universiteti və növbəti tədris ilindən planlaşdırılan Türkiyə-Azərbaycan Universiteti Azərbaycan təhsilinin inkişafına öz töhfəsini verməkdədir.

İkili diplom proqramları çərçivəsində xarici universitetlərlə beynəlxalq əməkdaşlıq:

Eləcə də, Azərbaycan universitetləri dünyanın bir sıra universitetləri ilə ikili diplom proqramı çərçivəsində həm bakalavr, hə də magistr sahələri üzrə əməkdaşlıq edərək xarici ölkə diplomlarının azərbaycan universitetlərində təhsil alan tələbələrin də almasını təmin etmişdir. Bunlardan:

Azərbaycan Dövlət Neft və Sənaye universitetinin Almaniyanın Zigen Universiteti və ABŞ-ın Corciya universiteti ilə,

Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın Heriot Vatt Universiteti ilə,

Azərbaycan Dövlət İqtisad Universitetinin İngiltərənin London Universiteti, Fransanın Montpellier və Fransanın ICD Universitetləri, ABŞ-ın Linkoln Universiteti, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Litvanın Mikolas Romeris Universiteti ilə,

ADA Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti, Rusiyanın MQİMO universiteti, Fransanın CEFAM Universiteti,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə,

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İstanbul Teknik Universiteti və Fransanın GNAM Universiteti ilə, həmçinin Böyük Britaniyanın Vestminster Universiteti və Britaniya Kral Memarlıq İnstitutu ilə memarlıq sahəsində, İspaniyanın Koruna Universiteti, İtaliyanın Milan Politexnik Universiteti ilə,

Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti və ABŞ-ın Oklahoma Dövlət Universiteti ilə,

Bakı Mühəndislik Univesitetinin Cənubi Koreyanın İNHA Universiteti ilə,

Gəncə Dövlət Universitetinin Türkiyənin Dokuz Eylül Universiteti ilə,

Bakı Dövlət Universitetinin Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Fransanın Lumière Lyon Universiteti, İsrailin Holon Texnologiya İnstitutu, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS), ABŞ-ın Linkoln Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti və Qazaxıstanın bir neçə universiteti arasında ikili diplom proqramı çərçivəsində beynəlxalaq əməkdaşlıq edirlər.

Həmçinin özəl ali təhsil ocaqlarından Xəzər Universiteti, Qərbi-Kaspi Universiteti, Azərbaycan Universiteti və Odlar Yurdu Universitetinin də müvafiq ixtisaslar üzrə ikili diplom proqramları çərçivəsində əməkdaşlıqları mövcuddur.

Xarici tələbələrin Azərbaycan Universitetlərinə müraciət forması:

Əcnəbi vətəndaşlar Azərbaycan universitetlərinə əyani və qiyabi təhsil forması üzrə müraciət edə bilərlər. Müraciət üçün ilk növbədə tələb olunun sənədlər online formada portala yuklənilir və namizəd tərəfindən təsdiq edilir. Azərbaycan Elm və Təhsil Nazirliyi müraciətləri qiymətləndirir və uyğun namizədlərin Azərbaycan universitetlərinə qəbulu həyata keçirilir. Qəbul olunan əcnəbi tələbələr ilk növbədə tədris dilinə uyğun olaraq  Azərbaycan dili dövlət dili imtahanı və yaxud tədris dili imtahanı verirlər. İmtahanı müvəffəqiyyətlə keçənlər birbaşa universitetin 1-ci kursuna bərpa olunur. Dil imtahanını keçə bilməyən xarici ölkə vətəndaşları 1 il universitetin daxilində fəaliyyət göstərən hazırlıq qruplarına qəbul olunaraq tədris dili biliklərini mənimsəyir və növbəti ildən 1-ci kursdan tədrisə başlayır.

Əcnəbi tələbələrin Azərbaycan universitetlərinə qəbulu üçün SAT, TOEFL, IELTS, beynəlxalq olimpiada və müsabiqə nəticələri, ölkələri üzrə qəbul imtahanından nəticə və orta ümumtəhsil müvəffəqiyyət dərəcəsi tələb olunur. Əcnəbi tələbələrin Azərbaycan universitetlərində təhsili ödənişli əsaslarla həyata keçirilir, bununla yanaşı, tələbələr müxtəlif təqaüd proqramlarına müraciət edərək pulsuz təhsil almaq hüququna da malikdir.

Azərbaycan universitetlərində təhsil almaq istəyən xarici vətəndaşların müraciəti may-iyun ayılarndan etibarən başlayır və sentyabra kimi davam edir. Hər birinizi tələbə adını qazanmaq üçün Azərbaycan universitetlərində təhsil almaq üçün gözləyirik.

Ramin Nurəliyev,

Təhsil üzrə ekspert