İmtahanda maksimum nəticə göstərən Səbinə: "Yaşadığımız sevinc hissini heç nə vermir"

 15:58 16.04.2024     1194

Xəbər verdiyimiz kimi, bu il 10 mart tarixində keçirilmiş buraxılış imtahanlarında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Maksimum nəticə göstərənlərdən biri də Qazax rayonu, Dəmirçilər kənd orta məktəbin şagirdi Səbinə Yusifovadır.

300 bal toplayacağına inan Səbinə təəssüratlarını Redaktor.az-la bölüşərkən dedi ki, bu sevincini öncə atası ilə bölüşüb:

"Hazırlığa gedirdim, yolda öyrəndim nəticəmi. Maksimum bal topladığım üçün çox sevinirəm. Bu sevincimi ilk atamla, daha sonra isə müəllimlərimlə və direktorumla bölüşdüm. 300 bal toplayacağıma inanırdım, imtahandan çıxanda da çox əmin şəkildə çıxmışdım, bütün sualları cavablandırmışdım və meyarlarla üst-üstə düşürdü. 3-cü ixtisas qrupu üzrə hazırlaşıram, Bakı Dövlət Universitetinin Hüquq (BDU) fakültəsində ingilis dilində təhsil almaq istəyirəm. Blok imtahanına da yaxşı hazırlaşıram, maksiumum bal toplamaq üçün, əlimdən gələn qədər çalışıram. 9-cu sinfdən hazırlıqlara gedirəm. Gələcəkdə isə xaricdə təhsil almağı düşünürəm".

Səbinə deyir ki, bacısı da onun ali təhsil almaq istədiyi universitetin tələbəsidir:

"Bacım BDU-da kimya ixtisası üzrə ali təhsil alır. Bizi daha çox babam hazırlaşdırıb, o, ali təhsilli olub. İmtahan verəcək abituriyentlərə tövsiyə edirəm ki, əllərindən gələn qədər və daha çox çalışsınlar. Çünki imtahana girdiyimiz zaman biz və beynimizdəkilər qalır. Həmyaşıdlarım hər şeyi bir kənara atıb, imtahana hazırlaşsınlar, çünki bu müəyyən bir çətinlik mərhələsidir, o cavablar çıxanda, yaşadığımız sevinc hissini heç nə vermir və heç kəs əvəz etmir. Mənim uğurumun sirri isə yerində və keyfiyyətli çalışmağımdadır".

Humay İSGƏNDƏRLİ

22