"Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur" - Emin Əmrullayev

 15:53 18.04.2024     820

"Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur".

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəblərdə daha ciddi fəsadların qarşısı məhz "Məktəblinin dostu" layihəsi əsasında alınıb:

"4000-dən çox məktəbdə 1 milyondan çox təhsilalan, çox sayda təhsilverən və valideynin olmasını nəzərə alsaq nəzəri baxımdan fövqəladə və bədbəxt hadisələr baş verə bilər. Bir çox hallarda formalaşmış məktəb mədəniyyəti var. Ona görə də məsələni məktəbdaxili həll etmək düzgün olar".

E.Əmrullayev bildirib ki, neqativ hadisələri ört-basdır etməkdənsə, həll yolu istiqamətində düzgün müzakirə aparılmalıdır: "Kimisə günahlandırmaqla məsələni həll etmək mümkün deyil, bu, hadisələrin yenidən təkrarlanmasına səbəb ola bilər".

Nazir deyib ki, ailədaxili münaqişə və mühit məktəb daxilində öz təsirini göstərmiş olur.

"Məsuliyyətin bölüşdürülməsi və birgə işin tərəfdarıyam. Məktəblərdə video müşahidələr də aparılır və görüntülər 30-40 gün saxlanılır. Bu, bəzi problemli məsələlərin həllində əhəmiyyətli rol oynayır. Bəzən heç də daxil olan məlumatlar dürüst olmur",- deyə Əmrullayev bildirib.