Agentlik deputatın cavabını verdi

 15:57 20.04.2024     454

Azərbaycanda 12 ümumi təhsil müəssisəsi istisna olmaqla dövlət ümumi təhsil müəssilərinə 1-ci sinfə qəbul prosesində heç bir müsabiqə həyata keçirilmir.

Redaktor.az bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, yalnız bəzi lisey və gimnaziyalara uşaqların qəbulu prosesi onların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır: "Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir".

Agentlikdən bildirilib ki, ümumi təhsil müəssisələrinin birinci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər.

Eyni zamanda 1-ci sinfə qəbul prosesi mayın 1-dən başladıqda Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq 1-ci sinfə qaldırılacaq. Bu da təxminən məktəbyaşlı uşaqların ümumi sayının 70%-ni təşkil edir.

Xatırladaq ki, mayın 1-dən sentyabrın 13-dək məktəbə qəbul elektron sistemində valideynlər qeydiyyatdan keçərək şəxsi kabinet yarada biləcəklər. Mayın 3-dən sentyabrın 13-nə qədər Azərbaycan bölməsi üzrə məktəb seçimi, 3 may- 17 may tarixlərində tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrə qeydiyyat aparılacaq. 7 may – 30 may tarixlərində tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələr təşkil olunacaq. İyunun 12-dən sentyabrın 13-dək rus bölməsi üzrə məktəb və müəllim seçimi aparılacaq.

Qeyd edək ki, parlamentin cümə günü keçirilən plenar iclasında çıxış edən Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov 1-ci sinfə qəbul zamanı müsahibə təşkil edilməsi praktikasını tənqid edib.