"İstəməzdim ki, bizim tələbələri saqqal, şort qadağasına görə incitsinlər" - Elmin Nuri

 18:20 30.04.2024     499

"Hazırda dünya təhsilinin, dünya ali təhsil seqmentinin elə bir inkişaf mərhələsidir ki, orada ümumiyyətlə, bu detallar üzərində düşünməyə sadəcə vaxt qalmır".

Bunu Redaktor.az-a Bakı Biznes Universitetinin oğlan tələbələrinin saqqalları olması səbəbindən dərsə buraxılmamasına münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, belə hallar birmənalı qarşılanmır:

"Təsəvvür edək ki, dünyanın hansısa bir nüfuzlu universiteti belə bir qadağa qoyur ki, şortla dərsə gələn, yaxud da ki, saqqalla dərsə gələn tələbələr dərsə buraxılmasın və onlara qarşı qadağa şamil olunsun:

"Yəni bu, sadəcə təsəvvürə gəlmir. Bu gün ali təhsil seqmenti, tələbədən tədqiqatçılıq bacarığı, öyrəndiyi nəzəri metodologiyanı istehsalatda tətbiq etməyi, tədqiqat aparmağın modern üsullarını tələb etməyi daha çox uyğun bilir, nəinki bu cür yanaşmalar. Yəni dünya universitetləri və uğurlu universitet üçün fərq etməz, bunun tələbəsi dərsə şortla gəlir, bunun tələbəsi dərsə saqqalla gəlir və sair. Bu məsələ sırf təhsil, akademik yanaşdıqda deyə biləcəyim sözlərdir. Məsələn, ikinci tərəfi odur ki, hər bir universitetin hüquqi cəhətdən haqqı var ki, öz daxili nizam-intizam qaydalarını tətbiq etsin və orada oxuyan tələbələrə bu nizam-intizama uyğun tədrisini təşkil etsin. Bu, onların haqqıdır, onların hüquqi öhdəliyidir. Düzmü edirlər, səhvmi edirlər, artıq hərəkətdirmi, əksik hərəkətdirmi, bu, artıq söhbətin bir başqa yoludur. Özəl bir tədris müəssisəsidir, öz daxili qayda-qanunu qoyub. Mənim aləmimdə universitet üçün maraqlı olan tələbənin geyimi, onun saqqal saxlaması, onu saçını necə kəsdirməsi deyil, onun fiziologiyası, fiziki görüntüsü deyil, onun beyni, onun bacarığı daha maraqlı olardı. Amma məsələnin digər tərəfi də odur ki, özəl bir tədris müəssisəsi öz nizam-intizam qaydalarını tətbiq etmək səlahiyyətinə sahibdirlər. Burada artıq seçim tələbənin üzərinə düşür. Mən də təbii ki, istəməzdim ki, bizim tələbələri saqqal qadağasına görə, şort qadağasına görə incitsinlər. Amma burada məsələ elədir ki, universitet də öz qaydalarını tətbiq etməyə çalışır. Bu lazımdırmı? Yalnız bir halda lazımdır ki, indi bəzi radikal din nümayəndələri, dini kəsimlər uzun formada saqqal saxlayırlar, tələbələrin hansısa birisi bu istiqamətdə meyilli olsa, onlara qarşı qadağa qoymaq, lazım gəlsə, başqa sərt tədbirləri görmək olar".

Ekspert dedi ki, burada məsələ fiziki görüntüdən gedir.

"Yəni gənc tələbələrdir, sırf fiziki görünüş olaraq, "şarm" olaraq saqqal saxlamağa maraqlıdırlar. Bu gün biz ali təhsillə bağlı detalları danışarkən, ümumiyyətlə bu kimi məsələlərin müzakirə müstəvisinə çıxmasına qarşı olmalıyıq. Bu gün universitet başqa cür qadağa qoymalıdır. Universitet qadağa qoymalıdır ki, ingilis dilində esse yaza bilməyən, yaxud tədqiqat bacarığı zəif olan, daha sonra müəyyən bu kimi bacarıqları yerində olmayan tələbələr öz üzərində işləsinlər və müəyyən qadağalar bu rakursdan qoyulsun. Tələbənin fiziki görünüşünə görə hər hansı bir qadağanın tətbiqi, o qədər də vacib olmayan təhsil hadisəsidir", - deyə E.Nuri bildirdi.

Humay İSGƏNDƏRLİ