DİM imtahanlarla bağlı məlumat YAYDI

 14:40 02.05.2024     461

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

Bu barədə Redaktor.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, həftəsonu əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı və buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçiriləcək.

Qeyd edilib ki, imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər.

İmtahanlarda 11943 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 38 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 52 ümumi imtahan rəhbəri, 141 imtahan rəhbəri, 1121 nəzarətçi, 160 buraxılış rejimi əməkdaşı və 52 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunur.