"Kütləvi imtahanları da elektron formata keçirəcəyik" - Məleykə Abbaszadə

 11:49 08.05.2024     994

Dövlət İmtahan Mərkəzinin yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər.

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bakıda yeni imtahan korpusu ilə tanışlıq zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu günə qədər mərkəzin keçirdiyi 45 növ imtahanın 21-i elektron formada olub: "Elektron imtahanlarda isə keçən il 7000 nəfər iştirak edib. Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək. Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanların hamısı bundan sonra elektronlaşdırılacaq".

M.Abbaszadə bildirib ki, işə qəbul imtahanları da elektronlaşdırılacaq: "Bu il üçün ilkin mərhələdə kontingenti 2000 nəfərdən az olan bütün imtahanlar yeni korpusda keçiriləcək. Gələn ilin imtahan cədvəli barədə artıq düşünülür. Hesab edirəm ki, bir il ərzində kontingent sayı 10 mindən az olan bütün imtahanlar burada keçiriləcək".

"Təkcə regional bölmələrlə yox, müxtəlif ali məktəblər, tədris mərkəzləri ilə əlaqə yaradılacaq və kütləvi imtahanlar da elektron formata keçiriləcək. Bu həftədən imtahanlar başlayacaq. Yüksəliş müsabiqəsinin onlayn sessiyası mayın 13-dən etibarən burada 5 gün ərzində baş tutacaq", - DİM sədri əlavə edib.