"Onların səyi nəticəsində ali təhsil müəssisələrində elmi mühit çirklənir" - Vüsalə Ağabəyli
Bir müddət əvvəl təhsil eksperti Kamran Əsədov bir paylaşımı ilə diqqət çəkmişdi. O bildirmişdi ki, Azərbaycanda ali təhsil müəssisələrində elmi mühit yoxdur.
Onun bu fikrləri ilə bağlı təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli Redaktor.az-a danışdı.
Təhsil ekspertinin sözlərinə görə, biz ümumi şəkildə deyə bilmərik ki, ali təhsil müəssisələrində elmi mühit yoxdur.
"Çünki çoxsaylı həqiqi ziyalı tanıyıram ki, təmənnasız şəkildə elmlə məşğuldur. Elə özüm də daxil olmaqla, şəxsən tanıdığım mütəxəssislər var ki, alimlik dərəcəsinə görə onları heç motivasiya etməyən məvacibi düşünmədən elmlə məşğuldurlar. Hər zaman qeyd edirəm bunu, hər işdə vicdan önəmlidir. Hansı sahədə, hansı vəzifədə çalışmağından asılı olmayaraq, vicdan varsa, deməli onun işi də təmizdir. Lakin Kamran müəllimin sözlərində həqiqət də var. Əlbəttə ki, elmlə yaxından məşğul olmayan, özünü daim məşğul kimi qələmə verməyə çalışan, ən yüksək vəzifələrə can atan saxta alimlər də var. Təbii ki, belələrinin sayəsində, hədə-qorxu, süni hay-küy yaratmaq həvəsində olub öz natamamlıq komplekslərini digərlərinə basqı ilə tamamlamağa çalışanların səyi nəticəsində ali təhsil müəssisələrində elmi mühit çirklənir. Bu gün bilmirik ki, inkişafı, tədqiqatı düşünək, özümüzdən sonrakı nəslə elmi təbliğ edək, yoxsa saxta alimlərin süni ajiotajından, intriqa meyillərindən qaçaq. Bu baxımdan, Kamran müəllimlə razılaşmaq olar. Lakin istənilən halda quru oduna yaş da yanmasın. Mən real alimlərin, həqiqi tədqiqatçıların fəaliyyətinə inanıram, gələcəyə, həm də yaxın gələcəyə nikbin baxıram. Bir gün bizlər həqiqətən də, real elm adamlarının ancaq inkişafa köklənən müzakirələrinin əhatəsində olacağıq", - deyə alim bildirdi.
Humay İSGƏNDƏRLİ