"Azərbaycan universitetləri tələbələrin sadəcə vaxt keçirməyinə xidmət edən bir strukturdur" - Kamran Əsədov
"Ali təhsil müəssisələrində akademik mühit, elmi mühit yoxdur. Universitetlər 10-11-ci sinifi xatırladır. 10-11-ci sinifdə repetitor yanına, hazırlıq kurslarına gedən şagirdlər indi şagirdlik illərini yaşayırlar".
Bu sözləri tanınmış təhsil eksperti Kamran Əsədov bir neçə gün öncə özünün feysbuk hesabında yazıb.
Təhsil eksperti bu fikirləri ilə bağlı daha geniş şəkildə Redaktor.az-a danışdı.
Kamran Əsədov söylədi ki, bu gün Azərbaycan ali təhsil müəssisələri yalnız tələbələrin vaxt keçirdiyi bir məkandır:
"Necə ki, uşaq bağçaları uşaqlara dayəlik xidmət göstərir, universitetlər də tələbələrin sadəcə olaraq gəlib vaxt keçirməyinə xidmət edən bir strukturdur. Məhz onun nəticəsidir ki, bu gün Azərbaycanın ali təhsil müəssisələri dünya reytinqində ilk minlikdə yoxdular. Universitetdə bu gün məzun olmuş şəxslərin, demək olar ki, heç biri dördüncü kursu qurtarandan sonra adi kiçik bir esse, elmi məqalə yaza bilmir. Ona görə ki, ali təhsil müəssisələrində elmi işlər üzrə prorektorlar və ya elm və innovasiyalarla məşğul olan şəxslər bu sahə üzrə mütəxəssis deyil. Elm yenilənib, müasirləşib, bunlar hələ ki, Azərbaycan ali təhsil müəssisələrində yoxdur. Universitetlər sadəcə olaraq kəmiyyətə baxırlar, keyfiyyət istiqamətində çox ciddi boşluqlar var. Azərbaycanda ən ciddi məsələ, islahatın ehtiyac olduğu sahə ali məktəblərdir. Hesab edirəm ki, biz müasir innovasiyaları bilən şəxsləri ali təhsil müəssisələrinə gətirməliyik. Prorektorlar çox təəssüflər olsun ki, elmi mühit yaratmır, laboratoriyaları sadəcə olaraq təmir edirlər, köhnənin üzərini rəngləyib yeni kimi təqdim edirlər. Böyük qrantlara pul ayrılır, amma bir nəticə yoxdur. Ümumilikdə hazırda Azərbaycan ali təhsil müəssisələrində elmi tədqiqatlar yox dərəcəsindədir. Bütün işlər demək olar ki, kopyadır. Bunlar aradan qalxmalıdır, ən azından elmi mühiti gətirmək üçün müasir kitabları, vəsaitləri gətirməliyik, müasir standartlara cavab verən laboratoriyalar açılmalıdır. Bu istiqamətdə bizim ciddi boşluğumuz var, universitetlərin laboratoriyaları formal xarakter daşıyır. Universitetlərin həyətinə getsəz, görərsiz ki, tələbələr gəlirlər, amma əllərində kitab yox, dəftər yox, tələbələr universitetin kitabxanasında qeydiyyatda deyil. Əgər elmi mühit yaranmasa, dünya reytinqində universitetlərimiz yer tuta bilməz".
Humay İSGƏNDƏRLİ