Sosial təhsil tələbə kreditləri daha çox şəxsə şamil ediləcək

 16:37 14.05.2024     576

Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda bir sıra əlavə və dəyişikliklər edilib. Yeni qaydalara əsasən sosial təhsil tələbə kreditlərindən yararlanmaq istəyən şəxslərin əhatə dairəsi genişləndirilib.

Redaktor.az xəbər verir ki, yeni qaydalara əsasən, tələbələrin hər iki valideyninin (tək valideyni olduqda isə həmin şəxsin) sosial statusları ilə yanaşı, tələbələrin qanuni nümayəndələrinin də sosial statusları nəzərə alınacaq. Bundan başqa, aşağıda qeyd edilmiş daha dörd sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyalardan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial növ təhsil tələbə krediti ala biləcəklər:

• “ailə başçısını itirməyə görə əmək pensiyası alan” valideyni olan tələbələr;
• “bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan” tələbələr;
• “bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan” tələbələr;
• tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələrlə yanaşı, bundan sonra əlavə olaraq “ailə başçısını itirməyə görə sosial müavinət alan” tələbələr.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə edilmiş əlavə və dəyişikliklər bu gündən qüvvəyə minib.

2023–2024-cü tədris ilinin yaz semestri üzrə TTK üçün müraciətlərin qəbulu davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az portalı üzərindən müraciət edə bilərlər.