"Müəllim çatışmazlığından uşaqları incidirlər" - Deputat çıxış yolunu AÇIQLADI

 16:18 16.05.2024     628

Xəbər verdiyimiz kimi, ötən gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, rus bölməsi üzrə sinif sayı artırıla bilər. 

"Bu gün Azərbaycanda məktəblərində rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatı var. Ölkə üzrə təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var. Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, ehtiyac, eləcə də müvafiq müəllim sayı uyğun olarsa rus bölməsi üzrə sinif sayı artırıla bilər", - deyə direktor bildirib.

Bəs rus bölməsi üzrə sinif sayının artırılmasına nə qədər ehtiyac var?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev dedi ki, övladlarnı rus bölməsinə yerləşdirmək istəyənlər deputat olaraq ona da müraciət edir:

"Onlar övladlarının rus bölməsində təhsil almaq istəklərini bildiriblər, onlara köməklik göstərilməsini xahiş ediblər. Artıq bu bizim imkanlarımız xaricindədir, bu xahişi biz edə bilmərik. Çünki elektron sistem deyilən bir sistem mövcuddur. Rus bölməsinin təbliğatını da qururlar. Yəni rus bölməsində guya dərslərin keyfiyyətinin yüksək olması, rus dilinin gələcəkdə yaxşı karyera imkanları yaratması və s. Burada iki məqam var: ingilis dilli məktəblər həddindən artıq bahadır, təhsil haqları 9 mindən 20 minə qədərdir. Rus bölmələri isə orta məktəblərin nəzdindədir, dövlət məktəblərinin nəzarətindədir. Amma burada başqa bir məqam var, məqam ondan ibarətdir ki, ola bilsin ki, rus bölmələrində ibtidai təhsil gözqamaşdırıcı olsun, ancaq yuxarı siniflərdə kimya, biologiya, fizika, riyaziyyat müəllimləri demək olar ki, çatışmır. Valideynlər təzədən uşaqlarını Azərbaycan bölməsinə qaytarmaq istəyirlər və bu da uşaqlar üçün çox böyük çətinliklər yaradır. Baxın, rus bölməsində pedaqoji ixtisaslara neçə nəfər qəbul olur və hansı balla daxil olurlar, əksəriyyəti də müəllim işləmir. Əgər bu ibtidai təhsil pilləsi üçündürsə, əlbəttə ki, sonradan o müəllim çatışmazlığından uşaqları incidirlər, təzədən Azərbaycan bölməsinə qaytarmaq istəyirlər. Biz heç kimin təhsil hüquqlarını pozmuruq, valideynlər azaddırlar, sərbəstdirlər. Onlar istənilən dildə övladlarını təhsilə cəlb edə bilərlər. Ancaq yerlərin məhdudiyyəti və sair onu göstərir ki, Eşqi Bağırov bunu nəzərə alaraq deyib. Yəni müraciət edənlərin sayı azalmır, artır, bu da əskiklərlə bağlı ola bilər, müəllim hazırlıqlığı ilə bağlı ola bilər, təhsil mühiti ilə bağlı ola bilər. Bu məsələ ibtidai təhsili əhatə edir".

Millət vəkili qeyd etdi ki, rus bölməsi üzrə yuxarı, orta və tam orta təhsil pilləsində birmənalı şəkildə müəllim çatışmazlığı olur. Odur ki, Etibar Əliyev uşaqların Azərbaycan bölməsinə üz tutması üçün təklifini açıqladı.

"Bunun üçün dərsliklərin məzmununa yenidən baxmalıyıq. Azərbaycan bölməsindəki dərslərin keyfiyyətini təşviq etmək lazımdır", - deyə deputat bildirdi.

Humay İSGƏNDƏRLİ