"Çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər, ancaq..."
Ötən gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov açıqlamasında bildirdi ki, rus bölmələri üzrə sinif sayı artırıla bilər.
"Yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, ehtiyac, eləcə də müvafiq müəllim sayı uyğun olarsa rus bölməsi üzrə sinif sayı artırıla bilər", - deyə o bildirib.
Rus bölmələri üzrə sinif sayı artırılmalıdırmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, əgər rus bölməsinə olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir:
"Düzdür, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil. Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar. Bir faktı deyim ki, hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir. 4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32%-i deməkdir. Bunlarla yanaşı ölkə üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bölmələr üzrə sayı, Azərbaycan bölməsi üzrə respublika üzrə 1.428.608 nəfər şagird, rus bölməsində 131.412 nəfər təhsil alır. Sinif sıxlığına görə ən böyük göstərici hər sinifdə ortalama 27 şagirdlə türk dili bölməsindədir. Ölkədə şagird sayının çoxluğu müşahidə olunan Azərbaycan və rus dili bölmələrində sinifdə şagird sıxlığı müvafiq olaraq 18 və 24 nəfər təşkil edir".
Ekspert söylədi ki, rus dilində təhsilə meyli hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir:
"Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir. Biz Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus bölməsində Azərbaycan dilinin tədrisinə fikir verməliyik. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur. Son 70 ildə rus dilinin önəmliyi olduqca yüksək idi, bu danılmazdır. Mütəxəssislərimizin bir qismi rusca daha rahatdır, nəinki Azərbaycan dilində. Təhsil sistemimizdə rus dilinin oynadıǧı rol böyük idi".
Humay İSGƏNDƏRLİ