Ziya Məmmədovun yaxın qohumu məktəbliləri çölə atdı

 15:14 18.05.2024     484

Gəncə şəhərində yerləşən Telman Hacıyev adına 2 saylı uşaq musiqi məktəbində dərslər dayandırılıb. 

Redaktor.az xəbər verir ki, musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib.

Məlumata görə, uzun müddət davam edən məhkəmə çəkişməsindən sonra sinif otaqlarının boşaldılması haqqında qətnamə qəbul olunub və hazırda qərar icra olunur.

Bu, tədris ilinin yekunu ilə bağlı imtahanlara hazırlaşan şagird, müəllim heyətinin narazılığına səbəb olub. Artıq 3 gündən çoxdur tədris prosesi dayandırılıb, alətlər, şkaflar, stollar çölə atılıb.

60 işdən çoxdur fəaliyyət göstərən məktəbin binasına bitişik ərazi Məmmədova Yaqut Tofiq qızı tərəfindən alınıb. İddia əsasında məktəb binasının boşaldılması barədə qərar çıxarılıb. Otaqlardan çıxarılan invertar məktəbin əsas binasına toplanıb, lakin daha sonra iddiaçının nümayəndəsi əsas binanın da onlara məxsus olduğunu və buranı da boşaltmağı tələb edib.

80 müəllim, 500-dən çox şagirdin olduğu məktəbin satılması valideynləri də narahat edib.

Məlumata görə, binanın sahibi sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur. O, vəzifədə olan zaman bina özəlləşdirilib.

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov deyib ki, onlar məktəbin bir hissəsinin icarə haqqı ödənilməsi şərti ilə cari tədris ilinin sonunadək istifadə olunmasını təklif etsələr də, qarşı tərəf bu təklifi qəbul etməyib. Ona görə də məhkəmənin qərarının icra etmək məcburiyyəti yaranıb (modern.az).