Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

 10:05 19.05.2024     512

Mədəniyyət Nazirliyi Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində dərslərin dayandırılması məsələsinə aydınlıq gətirib.

Nazirlikdən Redaktor.az-a bildirilib ki, iki gün öncə məhkəmə qətnaməsinin icrası ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 150-dək şagirdin təhsil aldığı həmin məktəbdə tədris prosesi pozulub və dərslər keçirilməyib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi musiqi məktəbində tədrisin qısa müddətdə bərpası ilə bağlı müvafiq işləri təmin edəcək. 

“Onu da bildirək ki, sahibkarın israrlı tələbi ilə bu qərarın icrasına ən azı cari tədris ilinin sonunadək möhlət vaxtının verilməsi təhsil mühitinin pozulmaması baxımından daha ədalətli alternativ olardı. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat  veriləcək” - məlumatda qeyd olunur.

Qeyd edək ki, tədris ilinin bitməsinə bir ay qalmış məktəbin otaqları boşaldılıb, bütün musiqi alətləri, stol-stullar, şkaflar çölə atılıb. Buna səbəb isə 2007-ci ildə yan binanın özəlləşdirilməsi, sahibkarın binanın nəzdində olan otaqları məktəbdən almasıdır. Sözügedən binanın sahibinin sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olduğu iddia edilir.