Qarabağ Universitetinin rektorundan ilk AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov tutduğu vəzifədən azad olunaraq, Qarabağ Universitetinin rektoru təyin edilib.
Redaktor.az xəbər verir ki, rektor yeni təyinatı ilə bağlı açıqlama verib.
"Qarabağ Universitetinin rektoru təyin olunmaq möhtərəm prezidentimiz tərəfindən bizə göstərilmiş çox böyük etimaddır. Bu etimada görə cənab prezidentimizə sonsuz təşəkkürümü bildirirəm. Doğma Qarabağımızın adını daşıyan ali təhsil müəssisəsinə rektor təyin olunmaq sözlə ifadə edilməsi mümkün olmayan fəxarətdir. Qürur hissləri keçirirəm. Eyni zamanda, bu təyinat çox böyük məsuliyyətdir! Göstərilən etimadı doğrultmaq və yeni dövrün tələblərinə cavab verən müasir universitet qurmaq üçün var gücümüzlə çalışacağıq! Qarabağ Universiteti işğaldan azad olunan torpaqlarımızda fəaliyyət göstərəcək ilk ali təhsil müəssisəsi kimi tariximizə düşəcək! Doğma torpaqlarımızda fəaliyyət göstərmək şərəfdir! Bu şərəf və qürur hisslərinə görə, doğma torpaqlarımızı düşmən işğalından azad edən Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirir, Şəhid qardaşlarımıza Allahdan rəhmət diləyir, qazi qardaşlarımıza şəfa arzulayır, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edirəm", - Ş.Bayramov bildirib.