Şəhid ailəsi üzvü olan 10 tələbə Şimali Kiprə yay məktəbinə göndəriləcək

 10:35 22.05.2024     717

Bakıda mühəndislik fakültəsində təhsil alan və şəhid ailələrinin üzvləri olan 10 tələbə İstanbul Teknik Universitetinin Şimali Kipr filialında yay məktəbinə qoşulacaq.

Redaktor.az xəbər verir ki, bunu “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qardaş Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) ilk dəfə şəhid ailələrinin Azərbaycana səfəri iki ölkə arasında uğurla inkişaf edən əlaqələrdə mühüm körpüdür: “Türk dünyası ilə əlaqələr getdikcə genişlənir. Biz bir ailəyik, kökümüz, dilimiz, dinimiz, yolumuz eynidir. Birlikdə daha güclüyük! Şəhidlərimiz də bir-birimiz üçün müqəddəsdir. Onları sonsuz sevgi, hörmət və ehtiramla anırıq”.

ŞKTC-nin “Şəhid Ailələri və Qazilər Dərnəyi”nin sədri Gürsel Benan qeyd edib ki, bu cür ortaq layihələr şəhid ailələri arasında sevinci artırır, kədəri azaldır.

QHT sədri deyib ki, Bakıda mühəndislik fakültəsində təhsil alan və şəhid ailələrinin üzvləri olan 10 tələbə İstanbul Teknik Universitetinin Şimali Kipr filialında yay məktəbinə qoşulacaqlar. Sözügedən səfər iyul ayında baş tutacaq: "Düşünürəm ki, bu cür səfərlər qarşılıqlı əlaqələrimizin inkişafında xüsusi rol oynayacaq".