"Bu mövzuların dərsliklərə əlavə edilməsi müəllimlə şagird arasında çaşqınlıq yaradacaq" - Deputat
Xəbər veridyimiz kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi orta məktəblərdə reproduktiv sağlamlıq, cinsi tərbiyə, ailə hüququ mövzularının dərs saatlarına əlavə edilməsini təklif edib.
Təkliflə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev dedi ki, bu mövzuların hansı dərsliklərə əlavə edilməsi məlum deyil.
"Bu dərsliyin adı olmalıdır və yaxud da dərsdənkənar məşğələlər keçirilməlidir. Bu sahə çox həssas sahədir. Böyük Kant pedaqogika haqqında traktatında bu məsələyə xüsusi yer ayırıb. Bu məsələləri çox gözəl izah edib. Bizim pedaqoqların əllərində bu sahədə vəsait də yoxdur. Bu ayrıca fərdi söhbət şəklində ola bilər, müəllimlər və yaxud da valideynlər arasında. Şübhəsiz ki, valideynlərin də böyük rolu var. Məsələn, bir vaxtlar gender bərabərliyi və sairənin dərsliklərdə geniş tədrisi üçün təkliflər var idi. Amma hansı dərslikdə? Onsuz da şagirdlər çox yükləniblər. Mənim təklifim budur ki, bu, fərdi söhbətlər şəklində aparılmalıdır, qadın pedaqoqlarının qızlara, kişi pedaqoqların oğlanlara bu istiqamətdə bilgilər verməsi çox vacib məsələdir. Bu gün ən təhlükəli tendensiya nədən ibarətdir? Çox funksiyalı telefonlar bu məsələdə şagirdlərin psixikasına təsir edən bir məqamdır. Yəni bu da nəzərə alınmalıdır. Bu baxımdan artıq xarici ölkələrdə uşaqların telefondan istifadəsinə məhdudiyyət qoyulur. Uşaqlarla bu istiqamətdə də maarifçilik işləri aparmaq lazımdır. Mövzuların dərsliklərə əlavəsi effekt verməyəcək və müəyyən dərəcədə müəllimlə şagird arasında çaşqınlıq yaradacaq", - deyə deputat bildirdi.
Humay İSGƏNDƏRLİ