"Məktəbi və müəllimi hörmətdən salan sosial şəbəkələrdəki paylaşımlardı" - Nadir İsrafilov

 16:58 27.05.2024     1197

Bildiyimiz kimi, müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.

Eyni zamanda Azərbaycanda təhsilverənlərə xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib.

Qadağalar haqqında Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov söylədi ki, sözügedən qərarların qəbul edilməsi artıq, “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli qərarının ləğv edilməsi anlamına gəlir:

"Sual oluna bilər ki, “Müəllimlərin etik davranış Qaydaları” olduğu halda, “Təhsilverənlərin etik davranış Qaydaları”na nə ehtiyac vardı və olmazdımı ki, əvvəlki qaydalarda müvafiq dəyişiklliklər və əlavələr edilməsi hesabına təkmilləşdirmə və yeniləşmə aparılaydı? Bir halda ki, istər "Təhsil haqqında" Qanunda, istərsə də təhsil qanunvericiliyinə dair digər normativ aktlarda mütəmadi olaraq dəyişikliklər edilir. Məsələ heç də onda deyil. Görünür, “Müəllimlərin etik davranış Qaydaları”nın qəbul edilməsindən 10 illik bir müddət keçməsi və digər məqamlar nəzərə alınaraq yeni qaydaların hazırlanmasına zərurət yaranıb. Məsələ ondadır ki, qaydalar işıq üzü görəndən dərhal sonra, sosial şəbəkələrdə ən çox diqqət çəkən və müzakirələrə səbəb olan müddəalar əsasən Qaydaların 3.11. “Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir” və  4.3. “Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır” maddələri olub. Bu da təbiidir, çünki məktəblərdə şagirdlər arasında siqaret çəkənlərin sayı kəskin surətdə artıb, bu isə tədricən narkomaniyaya meyllik kimi fəsadlara yol aça bilər. “Nəsihət vermək asan, nümunə olmaq çətindir”, “Ən yaxşı nəsihət - yaxşı nümunə olmaqdır” deyib müdriklər, şagirdinə siqaret aldıran, şagirdinin yanında siqaret çəkən müəllim kimə nəsihət verə bilər, kimə nümunə ola bilər? Bir də ki, məktəb bir yana, ümumiyyətlə ictimai yerlərdə siqaret çəkməyin qadağan olunması haqqında dəfələrlə ən yüksək fikirlər səsləndirilib".

Ekspert hesab edir ki, “Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır” qadağasına əməl olunarsa, məktəbin, təlim-tərbiyə işinin sağlam əsaslarda qurulmasına, məktəbin, müəllimin nüfuzunun qorunmasına və əsaslı şəkildə qaldırılmasına yardımçı ola bilər.

"Çünki, heç kəsə gizli deyil ki, məktəbi, müəllimi bütövlükdə hörmətdən salan sosial şəbəkələrdəki audio və videomateriallar, təsvirlər kimi paylaşımlardır. “Qaydalarda” da xüsusi olaraq vurğulandığı kimi təhsilverən şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməli, xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir. Ümid edək ki, yeni qaydalar təhsil müəssisəsinə ictimai etimadın artırılmasına təsirsiz ötüşməyəcək", - deyə Nadir İsrafilov bildirdi.

Humay İSGƏNDƏRLİ