"Müəllimlərin və tələbələrin siqaret çəkdiyini görərkən üzülürəm" - Deputat

 17:13 27.05.2024     1069

Xəbər verdiyimiz kimi, müəllimlərlə bağlı bəzi qadağalar təsdiqlənib.

Belə ki, müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq və təhsilverənlərə xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitsinin üzvü, deputat Ceyhun Məmmədov söylədi ki, belə bir qərarın qəbul edilməsini doğru hesab edir:

"Hesab edirəm ki, bu gün məktəblərimizdə bu prosesin ciddi tənzimlənməsinə ehtiyac var. Yəni bu gün məktəblərimizdə onların nüfuzunu sala biləcək addımların, hərəkətlərin baş verməsi qəbuledilməzdir və bu, ciddi narahatlıq yaradan bir məsələdir. Eyni zamanda müəllimlərin də nüfuzlarına xələl gətirən bir məsələdir. Müəllimlərin nüfuzunu qorumalıyıq və onlar paylaşımları nəzərə almalıdır. Bu kimi paylaşımlarla bağlı hər birimizin diqqətli olmasına ehtiyac var. Ona görə düşünürəm ki, belə videomaterialların paylanması yolverilməzdir və bu istiqamətdə addımlar atılmalıdır".

Millət vəkili məktəb ərazisində müəllimlərin siqaret çəkməsinə qoyulan qadağaya da toxundu.

"Siqaret çəkməklə bağlı məsələyə gəldikdə, hesab edirəm ki, bu da doğru addım və qərardır. Bu gün bəzi ali təhsil müəssisələrinin qarşısından keçərkən müəssisənin həyətində müəllimlərin və ya tələbələrin siqaret çəkdiyini görərkən üzülürəm. Düşünürəm ki, bu heç də yaxşı bir hal deyil. Bu gün məktəblərimizin qarşısında, məktəblərimizin içərisində belə hallara yol verməməliyik və bu kimi yanaşmaların da qarşısı alınmalıdır. Bu tənzimləməni doğru hesab edirəm və bu məsələlərə kifayət qədər həssas yanaşmalıyıq", - deyə Ceyhun Məmmədov vurğuladı.

Humay İSGƏNDƏRLİ