İmtahana "ağıllı kəmər"lə girmək istəyən abituriyentə dəstək verilməlidir - Ekspertdən TƏKLİF
Bildyimiz kimi, ötən gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. 5 nəfərin üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunub.
Eyni zamanda imtahandan öncə bir abituriyentin üzərindən köməkçi vasitə kimi "ağıllı kəmər" tapılıb. Bu məsələ də sosial şəbəkələrdə geniş müzakirə olunur. Bir çoxları belə hesab edirlər ki, həmin abituriyent başqa sahədə inkişaf etdirilməlidir, ona dəstək olunmalıdır.
Məsələ haqqında Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi söylədi ki, bu cür gənclər var və çoxluq təşkil edirlər:
"Onların həmin düşünmə istiqamətlərini, fərqli yöndə inkişaf etdirmələri ilə bağlı deyilən fikirlərlə mən də razıyam. Ola bilər ki, gələcəkdə qəşəng bir dron mütəxəssisi ola bilər, yaxud ağıllı kəmərlər istehsalı ilə məşğul olar və s. Həmin abituriyentlər öz biliklərinə güvənmirlər və yaxud da bilirlər ki, onlar imtahandan keçə bilməyəcəklər. Onun üçün də alternativ fikirlərə qapılırlar ki, nə etsək, biz imtahandan keçə bilərik və onun məntiqi nəticəsi olaraq gördüyümüz faktlar üzə çıxır".
Ekspert təəssüflə bildirdi ki, onların imtahan nəticələri ləğv olunur və təkrar ən azı iki il ərzində imtahana buraxılmırlar.
"Mənə görə burada hər hansısa bir şirkət və yaxud da qurum həmin uşaqları xüsusi himayə götürüb inkişaf etdirə bilərlər. Onlar gələcəkdə fərqli istiqamətlər üzrə yaxşı bir mütəxəssis olaraq formalaşa bilərlər, məsələn, texnologiya istiqaməti üzrə və yaxud da elektronika istiqaməti üzrə və sair. Amma burada başlıca səbəb yenə o kimi hallara yol vermələrinin səbəbi özgüvənsizlikdir, imtahan verəcək ixtisas qrupu ilə bağlı bilik və bacarıqlara sahib olmama məsələsidir", - deyə Elçin Əfəndi vurğuladı.
Humay İSGƏNDƏRLİ