"İmtahanda bu kimi sualların olması abituriyentlərin vaxtını əlindən alır" - Ekspert

 16:50 27.05.2024     339

Bildyimiz kimi, ötən gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

İmtahan səviyyəsi haqqında Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi dedi ki, blok imtahanları verən abituriyentlər ikinci ixtisas qrupu üzrə coğrafiya fənnindən sualların çətin olduğunu bildirib.

"Üçüncü ixtisas qrupunda isə tarix və ədəbiyyat fənni ilə bağlı sualların çətin olduğunu bildiriblər. Qalan digər fənnlər isə normal olub. İkinci ixtisas qrupu üzrə coğrafiya fənnində əsasən situasiya tipli sualların çox vaxt aparmaq amili qeyd olunur. Üçüncü qruplarda isə ədəbiyyat fənnində sualların həcmi böyük olub və məntiqi düşünməni daha çox tələb edən suallar olub. Bu kimi sualların olması da abituriyentlərin vaxtını əlindən alan bir məsələdir. Yəni bizə vacib olan odur ki, 3 saat ərzində maksimum sualları rahat cavablandıra bilsinlər. İlkin əldə etdiyimiz təsəvvür ondan ibarətdir ki, 200 baldan yuxarı bal toplayanların sayı çoxluq təşkil edir və təəssüf ki, 100 balın altında da nəticə göstərən abituriyentlərin sayı çoxdur. Belə görünür ki, orta arealda ümumi göstərici bir o qədər də yüksək deyil. Əsasən aşağı nəticə göstərən abituriyentlər çoxluq təşkil edir. Bir də daha çox yuxarı nəticə göstərən abituriyentlər çoxluq təşkil edir. 100-200 bal aralığında nəticə göstərənlərin sayı digər areallarla müqayisədə daha azdır", - deyə ekspert qeyd etdi.

Humay İSGƏNDƏRLİ