Xaricdə təhsil almış yüzlərlə şəxs bu imtahandan kəsildi - SİYAHI

 10:17 31.05.2024     661

Xarici universitetlərdə müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə təhsil almış 240 nəfər peşə tanınması üzrə imtahandan keçə bilməyib.

Bu barədə Redaktor.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası TKTA ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

Bildiririk ki, 4 may 2024-cü il tarixində saat 10:00-da DİM tərəfindən kompüter vasitəsilə keçirilmiş imtahanda iştirak etmək üçün 466 nəfər namizəd qeydiyyatdan keçmiş, bunlardan 426 nəfəri imtahanda iştirak edib. 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 44,3% təşkil edib.

İxtisaslar üzrə iştirak etmiş və keçid balını toplamış namizədlərlə bağlı statistika keçiddən tanış ola bilərsiniz

Bildirilib ki, imtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış 3 ixtisasın ölkələr üzrə təhlili aparılıb.

Peşə tanınması imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 11 nəfər iştirak etmiş, onlardan yalnız 1 nəfəri uğurlu nəticə əldə edib. Uğursuz nəticə əldə etmiş diplom sahibləri Rusiya Federasiyasında fəaliyyət göstərən ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyaların payına düşür. Belə ki, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə adı keçən ölkənin ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması əldə etmək istəyən namizdələrin 90% müvafiq imtahanda uğursuz olub. Tümen Dövlət Universiteti ilə Moskva Dövlət Pedaqoji Universiteti qeyd edilən ixtisas sahəsi üzrə ən çox imtina alıb.

Peşə tanınması imtahanında “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 73 nəfər iştirak edib, onlardan yalnız 24 nəfəri uğurlu nəticə əldə edib. Uğursuz nəticə əldə etmiş diplom sahibləri 2 ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə Belarus Respublikasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 65%, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 100% müvafiq imtahanda uğursuz olub. Belarus Respublikası üzrə ən çox imtinanı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti ilə Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin “Komanda-Mühəndis İnstitutu”, Ukrayna üzrə ən çox imtinanı isə Ukrayna Milli Mülki Müdaifə Universiteti alıb.

Peşə tanınması imtahanında “hüquqşünaslıq” ixtisası üzrə 173 nəfər iştirak etmiş, onlardan yalnız 59 nəfəri uğurlu nəticə əldə edib. Uğursuz nəticə əldə etmiş diplom sahibləri 2 ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, “hüquqşünaslıq” ixtisası üzrə Rusiya Federasiyasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 70%, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 69% müvafiq imtahanda uğursuz olub. Rusiya Federasiyası üzrə ən çox imtinanı Dağıstan Dövlət Universiteti, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti alıb.