"Türk dövlətləri universitetlərinin tanınması üçün vahid qurum yaradılacaq"

 12:55 01.06.2024     504

Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin VIII İclasında məsələ ilə bağlı konkret təkliflər irəli sürülüb:

"Üzv dövlətlərinin gündəmə gətirdiyi təkliflər sırasında ilk olaraq TDT-yə üzv olan ölkələrin akademik məlumat bazasının yaradılması yer alıb. Bu da özündə ali təhsil müəssisələrinin məlumatlarının vahid mərkəzdə toplanmasını ehtiva ehtiva edir. Bununla da üzv dövlətlər universitetlər haqqında dəqiq məlumatları əldə edə biləcəklər".

Şura sədri əlavə edib ki, digər təklif universitetlərin uyğunlaşdırılması və tanınma prosedurları ilə məşğul olacaq ortaq qurumun yaradılması ilə bağlıdır: "Çünki türk dünyasında universitetlər arasında birgə fəaliyyətlər mövcuddur. Eləcə də tələbə aktivliyi yüksək səviyyədə olsa da, bu sahədə tanınma ilə bağlı ciddi problemlər var. Problemləri həll edəcək bir qurumun yaradılması fikrini nazirlərlə birlikdə dəyərləndirdik. Üzv dövlətlərin hər birini təmsil nümayəndələr bu fikri müsbət qarşıladı".

O qeyd edib ki, TDT-yə üzv dövlətlərin qəbul edəcəyi keyfiyyət təminatı agentliyinin olması da vacibdir: "Türk dövlətləri olaraq keyfiyyət təminatını ümumi standartlarını müəyyən etməliyik. Bununla bağlı fəaliyyət göstərəcək agentliyin qurulması barədə fikrə bütün nümayəndələr müsbət rəy verib. Təkliflərin reallaşdırılması üçün komissiyalar yaradılacaq və son rəy aidiyyəti üzrə təqdim ediləcək".