“Şuşadakı məktəbdə rus bölməsi fəaliyyət göstərməyəcək”

 13:47 01.06.2024     655

“Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin bərpası artıq yekunlaşıb. Məktəb 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq”.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova deyib.

O qeyd edib ki, müasir standarlara cavab verən Şuşa şəhəri 1 nömrəli tam orta məktəb 960 şagird yerlikdir, 3 mərtəbə, 5 blokdan ibarətdir. Məktəbdə 24 nəfərlik 40 sinif otağı var: “Təhsil müəssisəsində, həmçinin kitabxana, oxu zalı, STEAM mərkəzi, gənclərin ibtidai hərbi hazırlığı, musiqi, tibb və iaşə kabinetləri var.

Böyük Qayıdış Proqramının birinci mərhələsi davam edir. Hazırda əhali köçürülmə mərhələsindədir. Məktəbdə əsasən Şuşa şəhər qeydiyyatında olan və burada müxtəlif müəssisələrdə çalışan insanların ailələrindən olan şəxslər işlə təmin olunacaqlar. Müəllimlər üçün sitimullaşdırıcı təlimlər olacaq. Düşünürük ki, yay məktəbi təşkil edək. Həm müəllim, həm də şagirdlərin məktəbə adaptasiyası planlaşdırırılır”.

S.Gözəlova qeyd edib ki, ilkin proqnozlara görə, məktəbdə 258 şagirdin təhsil alması nəzərdə tutulur: “Bu proqnoza görə, təxminən 24-ə yaxın müəllimin işlə təmin olunması nəzərdə tutulur. Lakin bu say arta bilər. Məktəbdə rus bölməsi fəaliyyət göstərməyəcək. Şuşaya qayıdacaq əhali arasında rus dilində təhsil almış şagirdlər var. Onların Azərbaycan dilində tədrisinə şərait yaradılacaq” (qafqazinfo).