Qarabağ Universitetində fakültə dekanları vəzifəsi üzrə vakansiya ELAN EDİLDİ

 13:43 03.06.2024     665

Qarabağ Universitetində Mühəndislik, İqtisadiyyat və Turizm fakültələri üzrə dekan vəzifələrinə vakansiya elan edilib.

Bu barədə Redaktor.az-aTəhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri nəzərə alınaraq regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Qarabağ Universiteti yaradılıb.

"Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qarabağ Universitetinin Nizamnaməsi”nə əsasən, ali təhsilin bütün səviyyələri üzrə genişprofilli mütəxəssislərin və yüksəkixtisaslı elmi kadrların hazırlanması, eləcə də orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi və elmin müxtəlif sahələri ilə bağlı tədqiqatların aparılması universitetin fəaliyyət istiqamətlərinə aid edilib. Universitet fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də təhsilalanların yüksəksəviyyəli bilik və bacarıqlarla təmin olunması məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir", - məlumatda qeyd olunub.

İşin təsviri:
1. müvafiq ixtisaslar üzrə fakültənin strukturuna dair təkliflərin hazırlanması;
2. müvafiq ixtisaslar üzrə təhsil proqramlarının hazırlanması;
3. müvafiq ixtisaslar üzrə təsdiq edilmiş təhsil proqramlarına uyğun tədris planları və digər tədris sənədlərinin hazırlanmasında iştirak;
4. fakültənin profili əsasında professor-müəllim heyətinə olan tələblərin müəyyən edilməsi və bu tələblərə uyğun şəxslərin işəgötürülmə prosesinin təşkili;
5. fakültə Elmi Şurasına sədrlik;
6. fakültə Elmi Şurasında vəzifələrin tutulması üçün seçkilərin (professor, dosent, baş müəllim, müəllim, assistent) keçirilməsinə rəhbərlik;
7. fakültədə tədris prosesinin, tərbiyə və elmi-tədqiqat işlərinin təşkili;
8. təhsil proqramlarının icrasına rəhbərlik;
9. metodiki işin aparılmasına, elmi konfrans və seminarların təşkilinə nəzarət;
10. tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunması;
11. tələbələrin ixtisasları üzrə təcrübə keçməsinin təşkili;
12. təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı tədbirlərin görülməsi;
13. tələbə və məzunlara karyera məsləhət xidmətlərinin göstərilməsi.

“Müvafiq ixtisaslar” dedikdə iqtisadiyyat, mühəndislik və turizm ixtisasları başa düşülür.

Tələblər:

• elmi dərəcə və (və ya) elmi ad;
• müvafiqprofilli ali təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə minimum 3 il elmi-pedaqoji təcrübə;
• ən azı B2 səviyyəsində ingilis dili bilikləri (digər xarici dil biliklərinin olması arzuolunandır);
• liderlik və idarəetmə bacarığı;
• innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
• yüksək kommunikasiya bacarığı.

Tələb olunan sənədlər:
• tərcümeyi-hal;
• ali təhsili təsdiq edən sənədlərin surəti;
• dərc olunmuş elmi məqalələrin siyahısı;
• müşayiətedici məktub (motivasiya, proqramlarla bağlı baxışı – maksimum 500 söz);
• tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).

Qeyd: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.

Müraciət üçün son tarix: 15 iyun 2024-cü il,
Elektron poçt ünvanı: [email protected]