"Bizim bir sıra film, musiqi və meyxanalarda kriminal təbliğat gedir" - Deputatdan ETİRAZ

 17:09 05.06.2024     2390

Xəbər verdiyimiz kimi, Xaçmazda 11-ci sinif şagirdləri arasında yaşanan münaqişə zamanı bıçaqlanma hadisəsi baş verib.

Qeyd edək ki, son bir ildə məktəblərdə bu kimi hallar tez-tez baş verir. Odur ki, bu hadisələr təhsildə təlim-tədris məsələlərini gündəmə gətirir. 

Təhsil ocaqlarında bu kimi xoşagəlməz hadisələrin yaşanmaması üçün təlim-tədris prosesində nələrə diqqət yetirmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu məsələ sırf təhsillə yox, ümumi tərbiyə işi ilə bağlıdır. Onun fikrincə, həm ailələr, həm də məktəblərin üzərinə məsuliyyət yükü düşür:

"Burada bir çox səbəblər var. Öncə valideynlərin övladlarının tərbiyələrinə kifayət qədər vaxt ayırmamasından irəli gəlir. Tərbiyə işinin ailə və məktəbdə düzgün qurulmaması bu kimi hallara təsir göstərir. Yəni, hər iki tərəf məsuliyyət daşıyır. Müəyyən mənada deyə bilərik ki, cəmiyyətdə sözügedən hallar özünü açıq şəkildə göstərir. Ümumən, şəxsiyyətin formalaşmasında həm məktəb, həm  ailələr eyni məsuliyyəti daşıyır.

Problemdən çıxış yolu isə, ailələrin öz övladlarına diqqət və qayğını artırmasından keçir. Bu gün çox sevindiricidir ki, Azərbaycan ailəsi övladının təhsilinə diqqətli yanaşır. Hesab edirəm ki, ata-ana övladın tərbiyəsinə də eyni həssaslıqla yanaşmalıdır.

Digər tərəfdən, əvvəldə dediyim kimi, məktəblər də eyni məsuliyyəti daşıyır. Onlar da çalışmalıdırlar ki, şagirdlərə diqqət ayırılsın və təlim-tərbiyə üzrə ciddi işlər görülməlidir. Bu nüansı da nəzərə alaraq olduqca diqqətli yanaşmalıyıq. Bütün bu işlər paralel görülməlidir".

Millət vəkili həmiçnin televiziyalarımızda yayımlanan kriminal kontentdə xəbər və materialları xüsusilə qeyd etdi.

"Bütün bunlar demək olar ki, bir növ gənclər üçün təbliğat vasitəsinə çevrilir. Bizim bir sıra film, musiqi və meyxanalarda da bu tipli məsələlər öz əksini tapır. Buna görə də, bu kimi halların qarşısını almaq üçün müvafiq tədbirlər görülməli, sadalanan sahələrdə tədbirlər həyata keçirilməlidir. Valideynlərlə sıx əlaqə qurularaq onlarla məlumatlandırıcı söhbətlər aparılması zərurəti yaranır", - deyə Ceyhun Məmmədov bildirdi.

Yusif SƏMƏDZADƏ