"Müəllimlər gözləməməlidir ki, onlara da abitruyentlər kimi asan suallar düşəcək" - Ramin Nurəliyev

 16:38 07.06.2024     2469

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak edən şəxslər imtahan suallarının çətinliyindən və qeyri-vacib sualların olmasından narazılıq edirlər. İddialara görə, imtahan suallarında olimpiada tipli sualların çoxluğu diqqəti cəlb edib. 

Bəs görəsən, həmin imtahanlarda sualların çətinlik dərəcəsi və olimpiada suallarının çoxluğu nə dərəcədə həqiqəti əks etdirir? Ümumiyyətlə, növbəti imtahanlarda da bu tipli sualların olması ehtimalı varmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, bu imtahan abitruyentlər üçün deyil, müəllimlər üçündür. Onun fikrincə, müəllim məktəbdə dərs dediyi təqdirdə ümumtəhsil proqramları ilə yanaşı, həmçinin olimpiada hazırlığı da keçə bilər:

“Bu səbəbdən müəllimlərin işə qəbulu imtahanı zamanı məsələni araşdırdıq. Aydın oldu ki, imtahana düşən olimpiada tipli sualların sayı heç də çox deyil. Yəni, bu suallar kütləvilik təşkil etmədiyi üçün ciddi problem yaratmamalıdır. Çünki şagirdlər olimpiadada iştirak edəcəksə və müəllimlər bu istiqamətdə hazırlıq keçəcəksə, təbii ki, bu müəllimlərin həmin suallardan xəbərdar olması lazımdır. Ona görə də bu tipli 3-5 sualın olmasında problem görmürəm. Müəllimlər gözləməməlidir ki, onlara da abitruyentlər kimi suallar düşəcək. Elm və Təhsil Nazirliyi imtahan suallarının həll olunma səviyyəsini 3 yerə bölüb: asan, orta və çətin. Lakin müəllimlər çətin suallara nəzərə yetirərək ümumi imtahan suallarını bu şəkildə dəyərləndirir. Müəllimlərin bilik və bacarıqlarını formalaşdıran elə bu çətin imtahanlardır. Bir şeyi də qeyd edim ki, bu sertifikasiyadan yüksək balla keçən müəllimlər yekunda qiymətləndirilirlər". 

Ekspert düşünür ki, elə üzümüzə gələn imtahanlarda da bu standartlardan kənara çıxılmaycaq.

"Düzdür, əvvəlki imtahanlarda şikayət və narazılıqlar çox oldu. Yəqin ki, nazirlik bütün bunları nəzərə alıb adıçəkilən sualların sayında azaltmalar həyata keçirəcək. Hesab edirəm ki, suallar elə keçən il olduğu kimi tərtib olunacaq. Ən yaxşı halda isə, imtahanlarda sözügedən sualların sayında nisbətən azalma müşahidə edilsin", - deyə Nurəliyev bildirdi. 

Yusif SƏMƏDZADƏ