"Orta məktəblərdə sosial iş vakansiyası üzrə mütəxəssislər işə cəlb edilir"

 11:59 11.06.2024     447

Elm və Təhsil Nazirliyinin strukturu yeniləndikdə, uşaqların müdafiəsi ilə bağlı bölmənin yaradılması orta məktəblərdə yeni ştatların açılmasına imkan verdi.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu gün keçirilən BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsində deyib:

"Artıq orta məktəblərdə sosial iş vakansiyası üzrə onlarla mütəxəssis işə cəlb edilir. Bu, uşaqların müdafiəsinin orta məktəblərdə həyata keçirilməsinə xidmət edəcək bir addımdır".

Nazir müavini Qarabağa qayıdışla bağlı müsbət nüanslara toxunub:

"İnsanlarımız Qarabağa qayıtdığı kimi təhsilimiz də qayıdır. İşğaldan azad edilmiş ərazilərimizdə müasir standartlar əsasında məktəblər inşa edilib və uşaqlarımız həmin məktəblərdə təhsillərini davam etdirirlər".

2016-cı ildən nazirlik tərəfindən "Məktəblinin dostu" layihəsinin həyata keçirildiyini xatırladan F.Qurbanov bu layihənin 30-dan çox məktəbdə artıq tətbiq edildiyini deyib:

"Layihə uğurlu hesab edildiyi üçün digər məktəblərdə də həyata keçiriləcək.

"Məktəblinin dostu" layihəsi məktəb və valideynlər arasında əlaqələrin dərinləşdirilməsinə imkan verib".