"Təhsili bu hala salan repetitorluqdur" - Deputat sertifikasiya imtahanındakı biabırçılıqdan DANIŞDI

 14:25 12.06.2024     1943

Xəbər verdiyimiz kimi, Təhsil İnstitutu iyunun 8-də ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas suallarını açıqlayıb.

Hər sualın yuxarı hissəsində yanlış cavablama və ya boş qoyma faizlə qeyd olunub. Bu suallardan bir neçəsi isə sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Belə ki, sualların olduqca asan olmasına baxmayaraq 1000 və daha çox müəllim sualı doğru cavablandırmayıb.

Bütün bunlar isə ölkədə ibtidai sinif müəllimləri ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirdi ki, vəziyyət olduqca acınacaqlıdır:

“Görünən dağa nə bələdçi? Müəllim öz bilik və bacarığını sinif divarları arasında göstərməlidir. Yəni, açıq şəkildə qeyd etmək lazımdır ki, təhsili bu hala salan repetitorluq fəaliyyətidir. Bu fəaliyyət məktəbdən üstün səviyyəyə çatıb. Bununla da test tapşırıqlarına aludəçilik meydana gəlir və əksəriyyət yeni dərsliklərdən xəbərsizdir. İbtidai təhsil pilləsi müəllimlərinin göstəricilərinin acınacaqlı olmasının səbəbləri çoxdur. Əsas məqam pedaqoji kadrlar hazırlayan ali təhsil ocaqlarının bərbad vəziyyətdə olmasındadır. Yəni, keçirilən fənlərin məzmununda problemlər var. Dərsliklər köhnədir, tərcümə materialları demək olar ki, yoxdur, təhsildə keyfiyyət və mühit anlayışı yox həddindədir. Həmçinin ibtidai sinif müəllimləri üçün ədəbiyyat qıtlığı meydana gəlib. Yazılan dərsliklər isə həddindən artıq primitivdir". 

Deputat əlavə edir ki, bu gün ibtidai siniflərdə hərtərəfli biliyə malik kadrlar çatışmır.

“Elementar riyaziyyat, psixologiya, ana dili biliyi olan, musiqi anlayışı olan və sair kadrlar çox azdır. Bu problemlərin kökü ilk olaraq ali məktəblərdədir. Digər tərəfdən müəllimlər öz biliklərini artırmağa hədəfli deyil. Sonuncu imtahan bir daha onu göstərdi ki, onlara verilən bir illik müddətdə hazırlaşa bilməyib. Çünki onların potensialı bu qədərdir.

Əgər müəllimlər elementar suallara cavab tapa bilmirsə, öz fənnin tədrisi zamanı sadədən mürəkkəbə keçidi necə bacarsın? Bu da təhsilin ilk pilləsindən uşaqların təhsilinə zərbə vuran amillərdən biridir. Əgər burada təməl yaxşı qoyulmursa, gələcək siniflərdə də şagirdlər çətin vəziyyətdən çıxa bilmir. Orta məktəb müəllimlərinin də sertifikasiyası olarsa, eyni mənzərə ilə qarşılaşa bilərik. Çünki əksər müəllimləri repetitorluqdan başqa heç nə maraqlandırmır”, - deyə Etibar Əliyev vurğuladı.

Yusif SƏMƏDZADƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

22222222